Səməd Bəşirli: "Ötən il istehsal edilən pambığın 70 %-dən çoxu mahlıc şəklində ixrac edilib"

ASK
  • 24 iyun, 2026
  • 13:10
Səməd Bəşirli: Ötən il istehsal edilən pambığın 70 %-dən çoxu mahlıc şəklində ixrac edilib

Azərbaycanda ötən il istehsal edilən pambığın 70 %-dən çoxu iplik və parçaya çevrilmədən mahlıc şəklində birbaşa ixrac edilib.

"Report"un Sabirabada ezam olunmuş müxbiri xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Pambıqçılığın inkişafı məsələlərinə dair müşavirədə bildirib.

Onun sözlərinə görə, dövlətin həyata keçirdiyi ardıcıl sənaye siyasəti, formalaşdırılmış müasir təşviq mexanizmləri və özəl sektorun artan investisiya fəallığı pambıqçılığın qeyri-neft iqtisadiyyatının aparıcı inkişaf istiqamətlərindən birinə çevrilməsi üçün möhkəm zəmin yaradıb: "Qarşımızda duran əsas məqsəd isə mövcud potensialdan maksimum səmərə ilə istifadə etməkdir. Hazırda Azərbaycanda pambıqçılıq sektoru tekstil sənayesinin inkişafı üçün kifayət qədər geniş və dayanıqlı xammal bazası formalaşdırır. Ötən il ölkədə 363 min tondan çox xam pambıq istehsal olunub. Lakin bu həcmin əhəmiyyətli hissəsi, yəni 70 %-dən çoxu iplik və parçaya çevrilmədən mahlıc şəklində birbaşa ixrac edilib".

S.Bəşirli qeyd edib ki, ölkədə təxminən 70 min ton mahlıc əsaslı iplik istehsalı gücünün yaradılması planlaşdırılır: "İstehsal olunacaq məhsulun bir hissəsinin parçaya çevrilərək ixrac edilməsi nəzərdə tutulur ki, bu da əlavə dəyərin ölkə daxilində formalaşmasına və ixrac gəlirlərinin artmasına xidmət edəcək. İqtisadiyyat Nazirliyi bu istiqamətdə aidiyyəti dövlət qurumları və özəl sektor arasında əməkdaşlığı davam etdirir. Bununla bağlı pambıq istehsalçıları ilə mütəmadi görüşlər keçirilir. Məlumdur ki, mahlıcın ipliyə çevrilərək ixracı zamanı müəyyən çətinliklər yaranır. Belə ki, mahlıcın xarici ölkələrə ixracında adətən gömrük rüsumları tətbiq olunmadığı halda, iplik məhsullarının ixracı zamanı bir sıra ölkələrdə idxal rüsumları mövcuddur. Lakin qəbul edilmiş yeni qərara əsasən nəqliyyat-logistika dəstəyi subsidiyasının tətbiqi Azərbaycanda istehsal olunan ipliyin xarici bazarlarda rəqabət qabiliyyətini artıracaq və ixrac imkanlarını genişləndirəcək".