Saməddin Əsədov: "Yaxın 10 ildə qlobal aqrar texnologiya bazarının dəyəri 75 milyard dollara çatacaq"
- 06 may, 2026
- 10:54
Növbəti 10 il ərzində qlobal aqrar texnologiya bazarı 75 milyard dollara çatacaq.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Bakıda "Caspian Agro Week" çərçivəsində keçirilən V Aqrobiznesin İnkişafı Forumunda bildirib.
Onun sözlərinə görə, dünya sürətlə dəyişir və aqrar sahə də bu dəyişikliyin mərkəzindədir: "Bu transformasiyanın arxasında isə konkret bir reallıq dayanır. 2025-ci ildə qlobal aqrar texnologiya bazarı 25 milyard ABŞ dollarına çatıb və hesablamalar göstərir ki, növbəti 10 il ərzində bu göstərici 3 dəfə artaraq 75 milyard dollara çatacaq".
O əlavə edib ki, BMT-nin hesablamalarına görə, dünyada növbəti 25 il ərzində son minilliklərin istehsalından daha çox ərzaq istehsal olunmalıdır: "Halbuki resurslar məhduddur. Bunu isə yalnız data əsaslı texnoloji həllər mümkün edə bilir. Bu gün rəqəmsallaşma artıq seçim deyil, bir zərurətdir. İqtisadiyyatın bütün sahələrində məhsuldarlığın artırılması, resursların səmərəli istifadə edilməsi və daha çevik qərar qəbul etmək üçün əsas alətdir. Xüsusilə də süni intellekt, data analizini yeni səviyyəyə qaldıraraq daha dəqiq proqnozlar verməyə imkanlar yaradıb".