Sadiq Qurbanov: "Fermerlərin gələcək risklərə hazırlığı təmin edilməlidir"

ASK
  • 07 oktyabr, 2026
  • 11:53
Sadiq Qurbanov:  Fermerlərin gələcək risklərə hazırlığı təmin edilməlidir

Azərbaycanda kənd təsərrüfatı istehsalçılarının gələcək risklərə hazırlığı təmin edilməlidir.

"Report" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında - "Aqrar sahə haqqında" qanunun layihəsinin müzakirəsində bildirib.

"İqlim dəyişikliyi su ehtiyatları və məhsuldarlıq üçün yeni risklər yaradır. Aqrar sahənin gələcək dayanıqlığı yalnız torpağın və suyun mövcudluğundan asılı deyil. Bu resursların dəyişən iqlim şəraitində necə qorunacağı əsas prioritet məsələlərdən biridir. İqlim dəyişikliyi kənd təsərrüfatına bir neçə istiqamətdə təsir göstərir. Bunlardan biri su ehtiyatlarının azalması və dəyişkənliyi, ikincisi temperatur artımı və quraqlıq, digərləri isə ekstremal hidrometeoroloji hadisələr, torpağın deqradasiyası və nəticə etibarilə məhsuldarlıq riskləridir", - deyə o qeyd edib.

Deputatın sözlərinə görə, layihədə dövlətin aqrar sahədə əsas vəzifələri arasında dayanıqlı aqrar sistemin təmin edilməsi, inteqrasiya olunmuş kənd təsərrüfatı sistemlərinin genişləndirilməsi, bərpa olunan enerji mənbələrindən istifadənin artırılması, iqlim dəyişiklikləri ilə mübarizə və iqlim dəyişikliklərinə adaptasiya, su ehtiyatlarından səmərəli istifadə, monitorinq, qiymətləndirmə, proqnozlaşdırma və digər istiqamətlər öz əksini tapıb: "Məncə, bu yanaşma mühüm bir məqamı ortaya qoyur. Müasir aqrar siyasətin əsas məqsədi yalnız istehsalın həcmini artırmaqla məhdudlaşdırılmamalıdır. Burada əsas məqsəd həm də istehsalın davamlılığını, resursların qorunmasını, fermerlərin iqtisadi dayanıqlığını və gələcək risklərə hazırlığını təmin etməkdir".

44 - Tezliklə