Rusiyanın Türkiyədən nar idxalına qoyduğu məhdudiyyət Azərbaycana təsir edib

ASK
  • 28 dekabr, 2021
  • 07:29
Rusiyanın Türkiyədən nar idxalına qoyduğu məhdudiyyət Azərbaycana təsir edib

Bu il Rusiyada Azərbaycan narına tələb xeyli artıb, bu isə noyabr ayında şimal qonşumuz tərəfindən verdiyi qərara görə Türkiyədən nar tədarükünü tamamilə dayandırılması ilə bağlıdır.

Bu barədə “Report”a Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) İdarə Heyətinin sədri Fərhad Qaraşov bildirib.

"Ölkənin nar ixracında əsas yeri Rusiya bazarı tutur. Rusiya bazarında Türkiyəyə tətbiq edilən məhdudiyyətin və ötən aydan tədarükü tamamilə dayandırılması Azərbaycanın ixracına təsir göstərib", - F. Qaraşov qeyd edib.

Onun sözlərinə görə, ümumiyyyətlə, Azərbaycanın nar ixracında MDB-də əsas bazar Rusiya və Ukraynadır.

F.Qaraşov bu ili nar ixracı baxımından uğurlu hesab edir: “Bu il bizim çoxlu sayda müştərilərimiz olub. Bu deməkdir ki, xarici bazarlarda Azərbaycan məhsullarına tələb var. Fermer olaraq deyə bilərəm ki, hər il 3-4 müştərimiz olurdu, ancaq bu il onların sayı xeyli artıb, hətta imtina etdiyimiz müştərilərimizin sayı onlarladır.

O əlavə edib ki, bu il Qətərə nar ixracı başlayıb: “Gələn il ixrac daha da artırılacaq. Qətər bizim üçün maraqlı bazardır. Bizim məhsullar Qətərdə yetərincə bəyənilib”.

F.Qaraşov fermerlərin bu il narçılıq mövsümündə üzləşdikləri problemlərə münasibət bildirib: “Fermerlərin su təminatı ilə bağlı problemləri var. Çalışırıq ki, bu məsələnin öhdəsindən gələk. Fermerlərin üzləşdikləri problemlərdən biri də torpaqların statusu ilə bağlıdır. Hökumətə bununla bağlı müraciət etmək istəyirik. Bəzi fermerlərimiz nar əkirlər, lakin subsidiya ala bilmirlər. Əsas problem əkdikləri torpağın təyinatı illə bağlıdır. Həmin fermerlər sənaye-nəqliyyat statuslu torpaqlarda nar əkirlər. Bundan başqa, fermerlərin məhsulların qablaşdırılması, xarici bazarlara çıxışla əlaqədar problemlər var”.

O deyib ki, bu il Hacıqabulda müəyyən dələduzlar da peyda oldu: “Onlar fermerlərdən məhsullarını alıb, ödə nişlərini verməyiblər. Fermerlərimiz hüquq-mühafizə orqanlarına müraciət ediblər. Yəni, vahid kooperativlərin yaradılması bu cür dələdüzlardan müdafiə baxımından, fermerlərin maddi rifahının yaxşılaşdırılması baxımından uğurlu olardı”.

Assosiasiya sədri 2022-ci il üçün əsas hədəflərdən də danışıb: “Növbəti il üçün əsas hədəfimiz damcılı suvarma sisteminə keçid, nar istehsalı sahəsində fəaliyyət göstərən bütün fermerlərin təlimlərimizdə iştirak etməsidir. Bizim fəaliyyətimizlə kəsişən bütün dövlət orqanlarının xidmətləri hər zaman yenilənir. Buna görə də istəyirəm ki, fermerlərimiz bu istiqamətdə hər zaman məlumatlı olsunlar. Maariflənmə daimi şəkildə aparılmalıdır. Yeni ixrac bazarlarının tapılması, məhsul keyfiyyətinin artırılması əsas məqsədimizdir”.

2020-ci ildə isə 24 milyon ABŞ dolları dəyərində 19 min ton nar ixrac edilib.

Xatırladaq ki, quru subtropik zonada yerləşən Şirvan bölgəsi ən yaxşı nar növlərinin yetişdirilməsi üçün əlverişlidirsə, şirə çeşidlərinin istehsalı zamanı, əsas etibarı ilə, Göyçayda yetişən narlardan istifadə olunur. Ən yaxşı standart növlər "Şəlli mələsi", "Şahnar", "Çəhrayı gülöyşə", "Azərbaycan gülöyşəsi", "Qırmızıqabıq", "Bala Mürsəl", "Nazikqabıq" və "Qırmızı vələs"dir.

Qeyd edək ki, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası 31 oktyabr 2016-cı il tarixində yaradılıb.