Qoşqar Təhməzli: "Aqrokimyəvi vasitələrin ölkəyə gətirilməsi ilə bağlı qərarda dəyişiklik olunacaq"
- 29 iyun, 2018
- 08:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 29 iyun. REPORT.AZ/ "Yaxın vaxtlarda Azərbaycan ərazisində standartlara cavab verməyən yerlərdə heyvan kəsimi və ət satışı yığışdırılacaq".
"Report" xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, heyvanın daşınma qaydaları düzgün həyata keçirilməzsə, onun bədənində ifraz olunan xüsusi maddələr ətin yararsızlığına səbəb olur: "Küçə və meydanlarda heç bir ekspertiza olmadan heyvan kəsimi icra olunursa, bu, insanların sağlamlığı üçün təhlükə mənbəyidir. Hazırda məsələ ilə bağlı yerli icra orqanları və Daxili İşlər Nazirliyinin müvafiq şöbələri ilə danışıqlar aparılır. İki ay ərzində ölkə başçısına islahatlar paketini təqdim edəcəyik".
Q.Təhməzli həmçinin vurğulayıb ki, aqrokimyəvi vasitələrin ölkəyə gətirilməsi, qeydiyyata alınması ilə bağlı Nazirlər Kabineti mövcud qərarın üzərində dəyişikliklər həyata keçirir: "Bir neçə nazirlik bu işə nəzarət edəcək. Bunlar Səhiyyə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri və Qida Təhlükəsizliyi Agentliyidir".