Orxan Məmmədov: "Aqrar sahibkarlar innovasiyalara açıq güclü iqtisadi subyektə çevrilib"
- 17 dekabr, 2025
- 11:40
Azərbaycanın aqrar sahibkarları artıq təkcə istehsalla kifayətlənmir, eyni zamanda brend yaradan, bazarları araşdıran və innovasiyalara açıq güclü iqtisadi subyektə çevrilib.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Aqrar Biznes Festivallarına həsr olunmuş yekun tədbirdə bildirib.
Onun sözlərinə görə, son illərdə aqrar sahədə həyata keçirilən islahatlar sektorun daha rəqabətqabiliyyətli, ixracyönümlü və dayanıqlı inkişafına şərait yaradıb.
O. Məmmədov bildirib ki, yerli aqrar məhsulların keyfiyyəti, qablaşdırılması, təqdimatı və bazara çıxış imkanları ildən-ilə yaxşılaşır: "Bu gün Azərbaycan fermeri və aqrar sahibkarı yalnız istehsalçı kimi deyil, eyni zamanda öz məhsulunu brendə çevirən, bazar tələblərini öyrənən və innovativ yanaşmalara açıq olan iqtisadi subyektdir".
O, əlavə edib ki, festivallar çərçivəsində qurulan əlaqələr və aparılan müzakirələr gələcək əməkdaşlıqlar üçün möhkəm zəmin yaradır və bu tədbirlərin nəticələri yeni layihələrin, məhsulların və bazarların formalaşmasına xidmət edir.