Orxan Hüseynzadə: "Ağdaşda son 10 ildə kənd təsərrüfatının məhsul istehsalı 3 dəfədən çox artıb"

ASK
  • 12 iyun, 2026
  • 12:05
Orxan Hüseynzadə: Ağdaşda son 10 ildə kənd təsərrüfatının məhsul istehsalı 3 dəfədən çox artıb

Ağdaşda kənd təsərrüfatının ümumi məhsulunun həcmi faktiki qiymətlərlə 2025-ci ildə 2015-ci illə nisbətdə 217 % artıb.

"Report"un Ağdaşa ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın müzakirəsi məqsədilə keçirilən regional müşavirədə bildirib.

O qeyd edib ki, son 10 ildə Ağdaş rayonunda kənd təsərrüfatı sahəsində məhsul istehsalı davamlı artım dinamikası ilə inkişaf edib: "Kənd təsərrüfatının ümumi məhsulunun həcmi faktiki qiymətlərlə 2025-ci ildə 2015-ci illə nisbətdə 217 % artıb. Bu dövrdə heyvandarlıq məhsullarının istehsalı 240 %, bitkiçilik məhsullarının istehsalı isə 93,1 % artıb. Məhsul istehsalındakı artım əsasən bağçılıq, taxılçılıq, çəltikçilik və tərəvəzçilik, xüsusilə də örtülü torpaqlarda tərəvəz istehsalı sahələrində müşahidə olunub".

O qeyd edib ki, son 10 ildə meyvə və giləmeyvə bağlarının əkin sahəsi 85,8 % və yaxud 2 219,3 ha, yığılmış məhsul isə 93,2 % və yaxud 22 min 681,2 ton artıb: "Bu dövrdə çəltik bitkisinin əkin sahəsində və istehsal olunmuş məhsulda da artım olub. Belə ki, 2015-ci ildə rayon üzrə 680 hektar sahədə çəltik əkildiyi halda, 2025-ci ildə bu göstərici 1 306 hektara çatıb, istehsal həcmi isə 300 % artaraq 2 875,5 ton təşkil edib".

O.Hüseynzadə əlavə edib ki, Ağdaşda 2015-ci il ilə müqayisədə taxıl istehsalında da artım müşahidə olunub: "Belə ki, 2015-ci il ilə müqayisədə buğda istehsalı 97,4 % və yaxud 5 808 ton, arpa istehsalı isə 32,1 % və yaxud 8 187,9 ton artıb. Örtülü torpaqlarda tərəvəz istehsalının həcmi son 10 ildə 10 dəfədən çox artıb".

44 - Tezliklə