Naxçıvanda orqanik məhsulların istehsalı üzrə aqroklasterin yaradılması planlaşdırılır
- 27 noyabr, 2024
- 13:45
Naxçıvan Muxtar Respublikası üçün “Orqanik Naxçıvan“ İnkişaf Konsepsiyasının hazırlanması üçün 41,5 min manat vəsaitin ayrılacağı ehtimal olunur.
Bu barədə "Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir. Bu, muxtar respublikanın Kənd Təsərrüfatı Nazirliyinin elan etdiyi satınalma şərtlərində öz əksini tapıb.
Layihə hazırlanarkən inkişaf hədəfləri muxtar respublikada ənənəvi əkinçilik və heyvandarlıqdan müasir mütərəqqi texnologiyalara əsaslanan kənd təsərrüfatına, o cümlədən orqanik yetişdiriciliyə keçid mərhələləri nəzərə alınmaqla planlaşdırılmalıdır. İlkin mərhələdə rezidentlərdən təzə və emal olunmuş qablaşdırılmış məhsullar toplanılmaqla yanaşı yeni istehsal və emal sahələrinin yaradılması hədəflənməlidir. Birinci mərhələdə hazır qablaşdırma materiallarından, növbəti mərhələdə isə xüsusi dizaynlı qablaşdırma materialları əsasında fəaliyyət tənzimlənməlidir. Bütün mərhələlərdə istehsalçılarla emalçılar, o cümlədən tədarük və təchizatçılar arasında əlaqə zəncirinin qurulması diqqətdə saxlanılmalıdır.
İnkişaf Konsepsiyası hazırlanarkən aparılan bütün təhlillər və uyğun görülən fəaliyyət, yaradılması nəzərdə tutulan aqropark (aqroklaster) də nəzərə alınmaqla Naxçıvanın bütün ərazisinə şamil olunmaqla aşağıdakı məsələlərin əhatə edilməsi nəzərdə tutulur: Məhsuldarlığı üstün olan, yerli iqlim şəraitinə (xüsusilə də Naxçıvanın iqlim şəraitinə), quraqlığa və zərərli orqanizmlərə davamlı yeni növ bitki növlərinin müəyyənləşdirilməsi, məhsuldarlığı üstün olan ətlik və südlük üzrə yerli iqlim şəraitinə (xüsusilə də Naxçıvanın iqlim şəraitinə) uyğun yeni cins heyvanların müəyyənləşdirilməsi və bəslənilməsi tövsiyə olunan ərazilər üzrə, eləcə də bəslənmə şəraiti barədə təkliflərin verilməsi nəzərdə tutulur.
Bununla yanaşı, Naxçıvanın orqanik və digər kənd təsərrüfatı məhsullarının potensialının qiymətləndirilməsi, istehsal edilən kənd təsərrüfatı, o cümlədən orqanik məhsulların xarici bazarlara çıxış imkanlarının araşdırılması, seçilmiş ölkələrin tələblərinin müəyyənləşdirilməsi, tələb olunan beynəlxalq sertifikat növlərinin müəyyənləşdirilməsi nəzərdə tutulur.
Muxtar respublikada “Orqanik Naxçıvan” brendi altında dövriyyəsi təşkil ediləcək məhsulların müəssisələrinin (heyvandarlıq, quşçuluq, ət və süd məhsulları, qablaşdırma və emal müəssisələri) yerləri müəyyən ediləcək və ərazilərin (intensiv bitkiçilik və heyvandarlıq təsərrüfatlarının yaradılması üçün torpaqların) qiymətləndirilməsi həyata keçiriləcək. Yerli toxumların, gübrələrin və digər vasitələrin istehsalının (orqanik də daxil olmaqla) təşkilinin və satış imkanlarının araşdırılması, məhsul yetişdiriciliyində iqlim dəyişkənliyi nəzərə alınmaqla davamlı sortların yetişdirilməsinə dair də təkliflərin verilməsi gözlənilir.
Təchizatçılar tenderdə iştirak üçün təkliflərinin təqdim edilməsi ilə bağlı 25 manat istifadə haqqı və 83 manat iştirak haqqı ödəməlidirlər.
İştirak haqqı təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, istifadə haqqı isə heç bir halda geri qaytarılmır.
Təkliflər dekabrın 11-i saat 15:00-a kimi təqdim edilməlidir. Zərflər həmin gün eyni saatda açılacaq.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2023-cü il 13 may tarixli sərəncamına əsasən muxtar respublikada orqanik istehsal sektorunun inkişaf etdirilməsi və orqanik məhsulların istehsalının tənzimlənməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Orqanik Naxçıvan" publik hüquqi şəxs yaradılıb. Ona Kəngərli rayonunun Böyükdüz kəndində 2 069 hektar torpaq sahəsi ayrılıb. Torpaq sahəsində “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq aqropark yaradılacaq.