Nazirlik rəsmisi: "Az münbit torpaq sahələrindən uğurla istifadə olunur"
- 26 fevral, 2025
- 11:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Bir neçə ildir ki, Azərbaycanda münbitliyi az olan torpaq sahələri intensiv bağçılığa cəlb olunur və bununla da həmin ərazilərdən uğurla istifadə olunur.
Bunu “Report”a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firidun Tağıyev bildirib.
"Dünyada yararsız torpaq anlayışı qəbul edilmir. Torpaqların bir qismi münbitliyini itirə, müvəqqəti korlana, yanlış aqrotexniki qaydaların təsirlərinə məruz qala bilər. Belə torpaqları əkin dövriyyəsinə qaytarmağın yolları var. Bu imkanlar Aqrar Subsidiya Şurasının müvafiq qərarı - təşviqedici subsidiya siyasəti ilə dəstəklənir. Əkinə şərti yararlı yerlər çoxillik əkmələr altında müvafiq aqrotexniki qaydalara riaət edilməklə səmərəli istifadə edilir. Subsidiya dəstəyi sayəsində hazırda əkilən bağların bir qismi az münbit və ya çınqıl daşlı ərazilərdə salınıb”, - deyə o qeyd edib.
Nazirlik rəsmisinin sözlərinə görə, fermerlər torpaqdan istifadə qaylarına düzgün əməl etməlidirlər: “Nazirliyin məqsədi torpaqdan düzgün istifadəni təşviq etməkdir. Kənd təsərrüfatı biliklərinə və bacaraqlarına dərindən malik olan fermerlərimiz az deyil. Bununla belə, biz daim fermerləri çağırırıq ki, aqro-texniki qaydalara riayət etsinlər. Bütün dünyada torpaqlar məhdud resurslar siyahısındadır. Ona görə də torpaqlarımızı mütəmadi qorumaq və bu istiqamətdə düzgün addımlar atmaq lazımdır. Bu çərçivədə biz fermerlər üçün mütəmadı təlimlər təşkil edirik. Subsidiyalar da bu istiqamətdə torpaqlardan düzgün istifadəni təşviq edir”.
F.Tağıyev həmçinin deyib ki, torpaq resursları mütəmadi təhlil edilir: “Torpaq sektorun vacib elementlərindən biridir, buna görə də nazirliyə əlavə səlahiyyətlər də verilib. Artıq dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsində iştirak edirik və bu ildən proses elektron qaydada təşkil edilməsinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə təmin etmişik. Eyni zamanda, yerin təki ilə əlaqədar torpaq ayrılma proseslərində iştirak edirik, bunların hər birində də torpaqların mühafizəsini və kənd təsərrüfatı torpaqlarını maksimum səmərəli istifadənu təşviq edirik”.