Nazir müavini: "Torpaqların konsolidasiyası aqrar siyasətin ana xəttidir"

ASK
  • 14 oktyabr, 2022
  • 10:01
Nazir müavini: Torpaqların konsolidasiyası aqrar siyasətin ana xəttidir

"Azərbaycanda torpaqların konsolidasiyası, iri fermer təsərrüfatlarının yaradılması, müasir becərmə texnologiyalarının tətbiq edilməsi və aqrar istehsal vasitələri ilə təminat siyasətimizin ana xəttini təşkil edir".

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) dəstəyi ilə hazırladığı “Yaşıl iqtisadiyyat” kitabının təqdimatında bildirib.

"Əhalinin ərzaq və kənd təsərrüfatı məhsulları ilə təmin olunmasıda torpaq və su ehtiyatlarından səmərəli istifadə olunması, bu istiqamətdə yeni texnologiyaların tətbiqi, ən yaxşı kənd təsərrüfatı təcrübələrindən yararlanmaq vacibdir. Yaşıl enerji mənbələrindən istifadə ətraf mühitə mənfi təsirləri azaltmaqla yanaşı, fermerləri uzunmüddətli və dayanıqlı gəlir mənbəyi ilə də təmin edə bilər.

Bildiyiniz kimi, ölkəmizin torpaq fondunun 55 %-i kənd təsərrüfatına yararlıdır ki, bunun da əksəriyyəti rütubət çatışmayan quraqlıq zonaya aid olduğundan burada suvarma tətbiq etmədən kənd təsərrüfatı məhsullarının istehsalı mümkün deyil. Son illər müşahidə olunan quraqlıq nəticəsində yerüstü su ehtiyatlarının azalması əkin sahələrinin suvarma suyu ilə təmin olunmasını çətinləşdirir. Bu baxımdan, torpaq və su ehtiyatlarından səmərəli istifadə olunmasının rolu olduqca vacibdir", - deyə o qeyd edib.