Nazir müavini: "Həm yerli, həm də idxal toxumunun keyfiyyətli olması prioritetdir"

ASK
  • 01 sentyabr, 2026
  • 12:36
Nazir müavini: Həm yerli, həm də idxal toxumunun keyfiyyətli olması prioritetdir

Azərbaycanda həm yerli, həm də idxal toxumunun keyfiyyətli olması prioritet hədəfdir.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bu günlərdə qüvvəyə minmiş "Toxumçuluq haqqında" və "Balıqçılıq haqqında" qanunlara həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yeni qanunvericiliyə uyğun olaraq artıq özəl sektor da orijinal və elit sertifikatlı toxumların əkinini həyata keçirə biləcək: "Ölkəmizdə satılan reproduksiyalı toxumlar məhz bu orijinal elit toxumlardan yetişdirilir, bütün istehsal onların üzərində qurulub. Özəl sektorun daha müasir imkanlarından faydalanmaqla bu prosesin həyata keçirməsi keyfiyyətli toxum istehsalının əsasını qoyur. Burada həm funksional tədbirlər görülür, həm də elektronlaşma, rəqəmsal həllər və süni intellekt vasitəsilə yoxlama prosesi təmin olunur".

İ.Qədimova ölkəyə daxil olan toxuma nəzarət məsələsinə də toxunub, qeyd edib ki, sahibkarlıq sahəsində yoxlamalar dayandırıldığı üçün bazarda birbaşa yoxlama aparılmasa da, bu, keyfiyyətsiz toxumların ölkəyə daxil olması anlamına gəlmir: "Bu sahədə məsafədən də olsa, elektronlaşma, rəqəmsal həllər və fermerlərdən alınan rəylər vasitəsilə nəzarət mexanizmi tətbiq edilir. Çünki hər bir ölkə öz torpağında istifadə olunacaq toxumlara həssaslıqla yanaşır. Həm ölkəyə daxil olan, həm də ölkədə istehsal edilən toxumun keyfiyyətli olması birinci prioritet və hədəfdir. Keyfiyyətli toxum məhsuldarlığa birbaşa təsir göstərdiyi üçün həyata keçirilən dövlət nəzarəti və digər tədbirlərin təməlində məhz bu məqsəd dayanır".

44 - Tezliklə