Nazir müavini: "Ərzaq təhlükəsizliyinin gücləndirilməsi üçün taxılçılığın inkişafı əsas hədəflərdəndir"

ASK
  • 13 iyun, 2025
  • 16:23
Nazir müavini: Ərzaq təhlükəsizliyinin gücləndirilməsi üçün taxılçılığın inkişafı əsas hədəflərdəndir

Azərbaycanda ərzaq təhlükəsizliyinin gücləndirilməsi üçün taxılçılığın inkişaf etdirilməsinin əsas hədəflərdəndir.

Kənd Təsərrüfatı Nazirliyindən “Report”a verilən məlumata görə, bunu nazir müavini Elçin Zeynalov Lənkəranda taxıl biçininə həsr olunmuş regional müşavirədə deyib.

O qeyd edib ki, Prezident İlham Əliyev aqrar sahənin inkişafını prioritet istiqamət elan edib: "Kənd təsərrüfatının, o cümlədən də strateji sahə olan taxılçılığın inkişafı məqsədilə mühüm islahatlar keçirir. Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət çox böyük dəstək tədbirləri həyata keçirir. Kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün subsidiyaların verilməsi, aqrar sahədə texnika təminatı ilə bağlı dövlətin güzəştlər tətbiq etlməsi, o cümlədən fermerlərə güzəştli kreditlərin verilməsi aqrar sektorun dayanıqlı inkişafına real zəmin yaradır".

Müşavirədə qeyd olunub ki, bu il Lənkəran, Lerik, Astara, Masallı və Yardımlı rayonlarında ümumilikdə 17 min hektardan çox sahədə taxıl əkilib, hazırda məhsulun vaxtında və itkisiz yığılması istiqamətində koordinasiya olunmuş fəaliyyət həyata keçirilir.

Müşavirədə biçin zamanı qarşıya çıxa biləcək çətinliklər, onların həlli yolları müzakirə edilib, fermer və mexanizatorların təklifləri dinlənilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.