Nazir müavini: "Elektron kənd təsərrüfatı" sistemində 350 min fermer üçün imkan yaradılıb"

ASK
  • 15 oktyabr, 2026
  • 11:23
Nazir müavini: Elektron kənd təsərrüfatı sistemində 350 min fermer üçün imkan yaradılıb

"Elektron kənd təsərrüfatı" sistemində 350 min aktiv fermer üçün imkanlar yaradılıb.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Aqrar Süni İntellekt layihəsinin icra vəziyyəti barədə keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, əslində, fermerlərin hər biri sistemin iştirakçısı hesab olunur: "Hazırkı hədəf elektron sistemdə qeydiyyatda olan bütün fermerləri əhatə etməkdir. İndiyədək sistemə inteqrasiya olunmuş imkanlar 350 min aktiv fermerin hamısı üçün formalaşdırılıb. Onlar öz şəxsi kabinetlərinə daxil olaraq bitki sağlamlığı və digər zəruri məsələlərlə bağlı informasiyaları izləyə bilərlər. Yalnız koordinat göstəricilərində və ya məkan məlumatlarında əskiklik olan fermerlərin məlumatlarında müəyyən fərqliliklər ola bilər, digər hallarda bütün məlumatlar fermerlər üçün tam əlçatandır".

İ.Qədimova qeyd edib ki, cari ildə "Elektron kənd təsərrüfatı" informasiya sistemində 1 milyon 300 min hektar əkin sahəsi qeydiyyata alınıb: "Bu 1,3 milyon hektar ərazi hər il fermerlər tərəfindən yeni bitkilərin əkilməsi ilə bağlı bəyan edilən və cari ildə əhatə olunan bitkiçilik sahəsidir. Rəqəmlər təkcə ölkə üzrə deyil, həmçinin hər bir rayon və hətta kəndlər üzrə də ayrı-ayrılıqda mövcuddur".

O, həmçinin əlavə edib ki, Aqrar Süni İntellekt layihənin icrasına dair ilkin mərhələdə torpaq hazırlığı, daha sonra torpaqda əkinin çıxışı yoxlanılır: "Son mərhələdə isə məhsul yetişdikdən sonra bitkinin identifikasiyası həyata keçirilir, yəni sahədə əkilən bitkinin bəyan olunan bitkiyə uyğun olub-olmaması yoxlanılır. Bu istiqamətdə yekunlaşma işləri ilin son günündə başlanacaq. Tətbiq edilən süni intellekt həlləri təsərrüfat ili ilə paralel şəkildə həyata keçirilir və bu da modulların düzgünlüyünün sahədə yenidən yoxlanılmasına imkan verir. Eyni zamanda, fermerlərin əkin xəritəsinin tərtibi yeni dövlət proqramından irəli gələn əsas məsələlərdəndir və bununla bağlı hazırlıq işləri də ilin sonunadək başlanacaq".

44 - Tezliklə