Naxçıvanda ilk dəfə aqrar sığorta ödənişi verilib
- 30 sentyabr, 2025
- 17:09

Aqrar Sığorta Fondu Naxçıvan Muxtar Respublikasında iki təsərrüfata dəymiş zərər üzrə ilk dəfə ödəniş edib.
"Report" bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, sığorta ödənişi Şahbuz rayonunun Külüs kəndindən olan fermer Sabir Məmmədova arpa sahəsinə dolu yağması ilə üzləşdiyi zərərə görə 800 manat olmaqla və Babək rayonun Şıxmahmud kəndindən olan fermer Mətləb İmanova arpa sahəsini dolu vurmasına görə 2 473 manat olmaqla həyata keçirilib. Bununla da il ərzində Azərbaycanda aqrar sığorta ödənişi edilmiş rayonların sayı 44-ə çatıb.
Aqrar Sığorta Fondu Naxçıvanda 2024-cü ilin dekabr ayından fəaliyyət göstərir, bu regionda da 41 bitki növü və bitkiçilik məhsullarını, eləcə də heyvandarlıq və akvakultura (balıqçılıq) təsərrüfatlarını sığorta edir.
Muxtar Respublikada qüvvədə olan tariflərə əsasən, 1 000 manatlıq buğda və ya arpa məhsulunun sığortalanması 11-12 manata, 1 000 manatlıq üzüm, qoz, ərik, şaftalı və kartofun sığortalanması 12-15 manata, alma, gilas, qarpız və pomidorun sığortalanması isə cəmi 18-20 manata başa gəlir. Eyni məbləğdə də dövlət sığorta haqqı ödəyir.