Naxçıvanda 3 mindən çox fermer əkinlərini EKTİS-də bəyan edib
- 19 dekabr, 2025
- 10:19
Naxçıvan Muxtar Respublikasında 3 446 fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) payızlıq əkinləri və çoxillik əkmələri bəyan edib.
"Report"un yerli bürosu xəbər verir ki, fermerlərin prosesə cəlb olunmasını asanlaşdırmaq məqsədilə bölgələrdə fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzlərində texniki dəstək göstərilir.
Eyni zamanda, əkin bəyanı prosesinin sürətləndirilməsi üçün rayon və kəndlərdə səyyar xidmətlər təşkil olunur. Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyi məlumatlandırma sessiyalarını da davam etdirir. Bu görüşlərdə fermerlər aqrar sahəyə dövlət dəstəyi mexanizmləri, tətbiq olunan yeni qaydalar barədə ətraflı məlumatlandırılır.
Fermerlər EKTİS-ə ümumilikdə 10 365 bəyan sənədi yükləyib, payızlıq və çoxillik əkinlər üzrə isə 16 313 bəyan işləyib. Ümumilikdə əkin bəyanları isə 7 min hektardan çox əkin sahəsini əhatə edir.
Payızlıq əkinlərin EKTİS-də bəyanı prosesi dekabrın 30-da başa çatacaq. Fermerlərə vaxtında müraciət edərək əkinlərini bəyan etmələri tövsiyə olunur.