"Naxçıvan Aqroservis" ötən il 2 milyon manatlıq texnika və avadanlıq satıb
- 26 yanvar, 2026
- 15:15
Ötən il Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Naxçıvan Aqroservis" ASC ümumi dəyəri 1 milyon 916,7 min manat olan 17 adda 49 ədəd aqrar texnika və texnoloji avadanlığı 36 fermerə satıb.
"Report"un yerli bürosu bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, satılmış texnika və avadanlıqlardan 20-si taxılyığan kombayndır. Bundan əlavə, fermerlərin ehtiyaclarına uyğun olaraq əkin, becərmə, məhsul yığımı, yem hazırlığı, arıçılıq və südçülük sahələrində istifadə olunan müxtəlif kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıqların da satışı həyata keçirilib.
Fermerlərin texnikaya olan tələbatını ödəmək məqsədilə ötən il "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyindən ümumi dəyəri 1 milyon 532,8 min manat olan "Belarus" markalı 27 ədəd traktor satın alınıb. Onlar güc, komfort və dayanıqlılıq baxımından daha üstün göstəricilərə malikdir.
Kənd təsərrüfatı texnikaları fermerlərə nağd satışla yanaşı, lizinq yolu ilə təqdim olunur. Bu zaman texnikanın dəyərinin 20 %-ni fermer ödəyir, ilkin dəyərin 40 %-i dövlət büdcəsi hesabına subsidiyalaşdırılır, qalan 40 %- isə 5 il müddətində ödənilir.
2026-cı ildə fermerlərin tələbi nəzərə alınaraq daha çox "CLASS Dominator" və "New Holland" markalı texnika alınması planlaşdırılır. Bununla yanaşı, Naxçıvanda bağçılığın inkişafı məqsədilə ağac silkələyən qurğuların, şitil əkilməsi və gübrə səpilməsi üçün avadanlıqların, su kanalı açan texnikaların, çalaqazan, mala və dırmıq kimi alətlərin, həmçinin 1, 2 və 3 hektarlıq sahələr üçün çiləmə üsullu suvarma sistemlərinin və üzüm bağları üçün tənəkə məftili bağlayan qurğuların alınması da nəzərdə tutulur.