Natiq Əmirov: "Son 10 ildə aqrar sahədə inqilabi islahatlar aparılıb"
- 23 iyun, 2026
- 11:18
Son 10 ildə Azərbaycanda aqrar sahədə inqilabi islahatlar həyata keçirilib.
"Report"un Saatlıya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Mil-Muğan iqtisadi rayonu üzrə regional müşavirədə bildirib.
Onun sözlərinə görə, bu islahatlar Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və şəxsi nəzarəti ilə aparılıb: "Bu dövr ərzində üzümçülük, çayçılıq, çəltikçilik, sitrusçuluq, fındıqçılıq, tütünçülük, baramaçılıq və pambıqçılığın inkişafına dair dövlət proqramları qəbul edilib. Aqrar sahəyə dövlət dəstəyi artırılmış, görülən tədbirlər nəticəsində pambıqçılıq, tütünçülük, üzümçülük və şərabçılıq kimi ənənəvi sahələrdə istehsal və ixrac potensialı əhəmiyyətli dərəcədə artıb, bir sıra əsas məhsullar üzrə özünütəminetmə səviyyəsi yaxşılaşmış, meyvə-tərəvəz və yumurta üzrə tam özünütəminetmə səviyyəsinə nail olunub. Ət, süd, balıq və kartof məhsulları üzrə də özünütəminetmə səviyyəsində müsbət dinamika müşahidə olunub".
Bundan başqa, N.Əmirov deyib ki, Azərbaycanda həyata keçirilən suvarma layihələri və yeni texnikalar aqrar sektoru gücləndirib: "Əkin sahələrinin suvarma suyu ilə təmin olunması məqsədilə son illərdə bir sıra iri layihələr həyata keçirilib, müasir suvarma sistemlərinin tətbiqi genişləndirilib, böyük su anbarları inşa edilib, suvarma kanalları yenidən qurulub. Bu istiqamətdə həyata keçirilən tədbirlər hazırda da davam etdirilir".
Bundan başqa, onun sözlərinə görə, kənd təsərrüfatının texnika ilə təminatı sahəsində mühüm işlər görülüb, texnika parkı demək olar ki, tamamilə yenilənib: "Ölkədə həyata keçirilən islahatlar əkin dövriyyəsinə əlavə torpaq sahələri cəlb edilməsini zəruri edib. Prezidentin tapşırıqlarına əsasən ayrı-ayrı şəxslər tərəfindən mülkiyyətə götürülmüş və ya uzunmüddətli icarəyə verilərək əkin dövriyyəsindən çıxarılmış, uzun müddət istifadə olunmayan 169,1 min hektar torpaq sahəsi yenidən əkin dövriyyəsinə qaytarılıb. Prezidentin tapşırıqlarına uyğun olaraq 32 rayonda 52 aqropark yaradılıb. Aqroparkların yaradılması sahibkarlığın inkişafını daha da təşviq edib, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalının genişlənməsinə, bəzi məhsullar üzrə idxaldan asılılığın azaldılmasına və məşğulluğun artırılmasına mühüm töhfə verib".