Muxtar Babayev: "İqlim dəyişiklikləri aqrar sahədə məhsuldarlığa təzyiqi artırır"
- 08 sentyabr, 2026
- 10:30
Yeniliklərdən dərhal xəbərdar olun!
İqlim dəyişiklikləri kənd təsərrüfatının məhsuldarlığına təzyiqi artırır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"ın ikinci günündə bildirib.
Onun sözlərinə görə, iqlimə davamlı kənd təsərrüfatı ötən il Bakı İqlim Fəaliyyəti Həftəsinin mühüm tərkib hissəsi idi: "Bu məsələyə yenidən qayıtmağımız böyük əhəmiyyət kəsb edir. Çünki 1 il keçməsinə baxmayaraq, qarşıda duran çağırış kiçilməyib, əksinə, daha da təxirəsalınmaz xarakter alıb. Bütün dünyada kənd təsərrüfatı getdikcə daha çox şiddətli istilərə, quraqlığa, daşqınlara, dəyişən yağıntı rejiminə və artan su qıtlığına məruz qalır.
Bunun təsirləri artıq ölçülə biləcək səviyyədədir. Araşdırmalar göstərir ki, iqlim dəyişikliyi 1961-ci ildən bəri qlobal kənd təsərrüfatı məhsuldarlığının artımını təxminən 21 % azaldıb. Bu, məhsuldarlıq baxımından təxminən 7 illik qazancın itirilməsinə bərabərdir".
M.Babayev qeyd edib ki, bu təzyiqlər ərzaq sistemlərinin artıq gərginlik altında olduğu bir vaxtda baş verir: "2024-cü ildə təxminən 673 milyon insan aclıqla üzləşib, təxminən 2,3 milyard insan isə mülayim və ya kəskin ərzaq çatışmazlığı yaşayıb. Münaqişələr, iqtisadi sarsıntılar, yoxsulluq və təchizat zəncirindəki kəsintilər bu prosesdə rol oynayır. Lakin iqlim dəyişikliyi getdikcə bu riskləri daha da artırır. Biz bu dəyişiklikləri öz ölkəmizdə də görürük. Kənd təsərrüfatı iqtisadiyyatımızın mühüm tərkib hissəsi və regionlarımızda dolanışıq mənbəyidir. Lakin fermerlərimizin fəaliyyət göstərdiyi şərait dəyişir. Biz qeyri-adi dərəcədə uzun sürən quraq dövrlər, daha tez-tez baş verən isti dalğaları və getdikcə şiddətlənən leysan yağışları müşahidə edirik. 2024-cü ildə qeydə alınan ən uzun isti dalğası Şəkidə 40 gün, Bakıda isə 17 gün davam edib. Bu dəyişən tendensiya qəfil daşqınlarda da özünü göstərir. 2015-ci ildə bu qəbildən olan 15 hadisə qeydə alındığı halda, 2020-ci ildə bu göstərici 36, 2024-cü ildə isə 33 olub. Bu rəqəmlər göstərir ki, biz artıq iqlim dəyişikliyini sadəcə müşahidə etmirik, onu bilavasitə yaşayırıq".