Məcnun Məmmədov: "Ötən il kənd təsərrüfatı istehsalı qeyri-neft ÜDM-də payı 8,3 % təşkil edib"

ASK
  • 25 may, 2026
  • 16:12
Məcnun Məmmədov: Ötən il kənd təsərrüfatı istehsalı qeyri-neft ÜDM-də payı 8,3 % təşkil edib

2025-ci ildə kənd təsərrüfatı istehsalı qeyri-neft ümumdaxili məhsulunda (ÜDM) payı 8,3 % təşkil edib.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bildirib.

Onun sözlərinə görə, kənd təsərrüfatı istehsalı ümumi ÜDM-də 5,9 % olub:

"Kənd təsərrüfatı sadəcə iqtisadi fəaliyyət deyil, eyni zamanda, ərzaq təhlükəsizliyi, məşğulluq, regionların inkişafı və ixrac potensialının artırılması istiqamətlərində öz töhfəsini verən çoxfunksional bir sahədir. Qeyd edim ki, əsasən də regionlarda məşğulluğun, demək olar, 50 %-i məhz kənd təsərrüfatı sahəsində təmin olunur. Siz çıxışınızda da qeyd etdiyiniz kimi, kənd təsərrüfatı, eyni zamanda, iqlimə çox məruz qalan və təbii resurslardan asılı olan bir sahədir. Azərbaycanda torpaq fondunun 55 %-i, istehlak olunan suyun isə 70 %-dən çoxu kənd təsərrüfatında istifadə edilir. Bu da bizə əsas verir ki, kənd təsərrüfatının sadəcə məhsul istehsalını düşünməli deyilik. Eyni zamanda, resurslardan səmərəli istifadəni və iqlimə uyğunlaşmanı da proqram çərçivəsində nəzərə almalıyıq".