Məcnun Məmmədov: "Azərbaycanda emal sənayesinə məhsul tədarükünün stimullaşdırılması planlaşdırılır"
- 12 iyun, 2026
- 15:33
Yeni Dövlət Proqramı çərçivəsində Azərbaycanda ekstensiv əkinçilikdən intensiv əkinçiliyə keçidin həvəsləndirilməsi, müasir suvarma texnologiyalarının geniş tətbiqi və heyvandarlıq sahəsinə dövlət dəstəyinin xeyli artırılması planlaşdırılır.
"Report"un Zəngilan rayonuna ezam edilmiş əməkdaşı xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" ilə əlaqədar təşkil olunan müşavirə çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, proqramın başlıca yeniliklərindən biri aqrar sahədə məhsuldarlığın yüksəldilməsinə istiqamətlənmiş innovativ yanaşmaların həyata keçirilməsidir:
"Proqram daxilində müasir suvarma ərazilərinin genişləndirilməsi, Azərbaycanda birinci dəfə olaraq torpaq konsolidasiyası layihələrinin reallaşdırılması, intensiv bağçılığın və istixana təsərrüfatlarının inkişaf etdirilməsi nəzərdə tutulub. Dövlət dəstəyi mexanizmlərində də əsaslı dəyişikliklər gözlənilir. Son dövrlərdə subsidiyaların cəmi 6 %-i birbaşa heyvandarlığa, 20 %-i avadanlıq tədarükünə, 74 %-i isə bitkiçilik sahəsinə ayrılıb.
Yeni Dövlət Proqramında isə ayrılacaq dəstəyin təqribən 40 %-nin heyvandarlıq sektoruna yönəldilməsi nəzərdə tutulur. Bundan əlavə, məhsul subsidiyası və süd subsidiyası kimi yeni dəstək alətləri tətbiqə veriləcək", - deyə o vurğulayıb.
M. Məmmədov hesab edir ki, yeni yanaşma emal sənayesinə məhsul tədarükünün stimullaşdırılmasına da töhfə verəcək.
"Proqram əsasən kiçik və ortamiqyaslı fermer təsərrüfatlarının dəstəklənməsinə hesablanıb. Heyvandarlıq sahəsində ən azı 50 baş heyvanla fəaliyyət göstərən təsərrüfatlara yardım göstərilməsi, eləcə də süd və yun toplama məntəqələrinin qurulması planlaşdırılır. Bu infrastruktur kiçik fermerlərin məhsullarının yığılması və bazar imkanlarının genişləndirilməsinə kömək edəcək. Cari ildən alma və nar istehsalçılarına, gələn ildən isə digər meyvə və bitki növləri üzrə fermerlərə məhsul subsidiyalarının verilməsi nəzərdə tutulur. Bu mexanizm fermerlərin satışda problem yaşadıqları və ya əllərində qalmış məhsulları emal müəssisələrinə təhvil verməsinə şərait yaradacaq. Eyni zamanda onlar həmin məhsullara görə subsidiya ala biləcəklər", - deyə nazir qeyd edib.