Lənkəranda fermerler üçün heyvan xəstəlikləri ilə mübarizə mövzusunda təlim keçirilib
- 02 sentyabr, 2026
- 11:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Lənkəranda fermerler üçün "Heyvan xəstəlikləri: Erkən diaqnostika və mübarizə yolları" mövzusunda təlim təşkil olunub.
"Report"un Cənub bürosunun məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən keçirilən maarfləndirici təlimlər Dövlət Proqramının prioritetləri üzrə beynəlxalq təcrübəyə əsaslanır və "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın əsas prioritet istiqamətlərini özündə ehtiva edir.
Tədbirin əsas məqsədi heyvan sağlamlığının qorunması, təhlükəli xəstəliklərin erkən aşkarlanması və yayılmasının qarşısının alınması istiqamətində fermerlərin maarifləndirilməsi, müasir baytarlıq xidmətləri, profilaktik tədbirlər və xəstəliklərə qarşı mübarizə üsulları barədə məlumatların daha geniş auditoriyaya çatdırılmasıdır.
Aqrar Xidmətlər Agentliyinin sədr müavini Elməddin Namazov tədbirdəki çıxışında heyvan sağlamlığının kənd təsərrüfatının dayanıqlı inkişafı, ərzaq təhlükəsizliyi və təsərrüfatların iqtisadi dayanıqlığı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
O, xəstəliklərlə mübarizədə erkən diaqnostika, peyvəndləmə, mütəmadi monitorinq, biotəhlükəsizlik və digər profilaktik tədbirlərin vacibliyini qeyd edib. Çıxışda müasir baytarlıq xidmətlərinin fermerlər üçün əlçatanlığının artırılması, informasiya-məsləhət xidmətlərinin genişləndirilməsi, Coğrafi İnformasiya Sistemlərindən istifadə və qabaqcıl beynəlxalq təcrübənin yerli təsərrüfatlarda tətbiqinin əhəmiyyəti diqqətə çatdırılıb.
E.Namazov Aqrar Təlim Mərkəzinin fermerlərin, sahibkarların və sahə mütəxəssislərinin bilik və bacarıqlarının artırılması, müasir baytarlıq yanaşmalarının və innovativ həllərin təsərrüfatlara çatdırılması istiqamətində həyata keçirdiyi işlərin əhəmiyyətini də vurğulayıb. O bildirib ki, bu cür təlim və maarifləndirici tədbirlər fermerlərin xəstəliklərin ilkin əlamətlərini vaxtında müəyyən etməsinə, düzgün profilaktik tədbirlər görməsinə və baytarlıq xidmətlərindən daha səmərəli istifadəsinə imkan yaradır. Çıxışda dövlət qurumları, baytar mütəxəssislər, fermerlər və təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsinin heyvan sağlamlığının qorunması və aqrar sahənin dayanıqlı inkişafı baxımından mühüm olduğu vurğulanıb.
Təlim proqramı Türkiyədən dəvət olunmuş beynəlxalq ekspert, professor Mustafa Hasöksüz və yerli mütəxəssis, biologiya üzrə fəlsəfə doktoru Vüsal Abbasov tərəfindən aparılıb. Təlim zamanı müasir baytarlıqda aktual olan mövzular, o cümlədən südlük inəklərdə mastit və digər yelin xəstəlikləri, virus mənşəli infeksiyalar, dabaq xəstəliyi, yeni doğulmuş buzovlarda ishal, reproduktiv problemlər və qısırlıq barədə məlumat verilib. Xəstəliklərin erkən aşkarlanması, düzgün müalicəsi, profilaktikası və təsərrüfatlara vurduğu iqtisadi zərərin azaldılması yolları izah olunub.
Bununla yanaşı, peyvəndləmənin xəstəliklərin qarşısının alınmasında və müalicə xərclərinin azaldılmasında rolu, təsərrüfatlarda biotəhlükəsizlik, gigiyena, düzgün yemləmə və saxlanma şəraitinin əhəmiyyəti vurğulanıb. Fermerlərə gündəlik müşahidələrin aparılması, xəstəlik əlamətlərinin vaxtında müəyyən edilməsi və baytarlıq xidmətinə vaxtında müraciət etməklə bağlı praktiki tövsiyələr verilib. Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb, real təsərrüfat nümunələri əsasında fikir mübadiləsi aparılıb və komanda oyunu keçirilib.
Qeyd edək ki, üç gün davam edəcək proqram çərçivəsində Təlimçilər üçün Təlim (Training of Trainers – ToT) proqramı da təşkil olunacaq. Proqram zamanı iştirakçılara müasir baytarlıq yanaşmaları ilə yanaşı, əldə etdikləri biliklərin digər fermer və mütəxəssislərə daha effektiv şəkildə çatdırılması, təlimlərin düzgün təşkili və praktiki biliklərin paylaşılması ilə bağlı tövsiyələr veriləcək. Təlimin son günündə isə iştirakçılar Astara rayonunda yerləşən nümunəvi heyvandarlıq təsərrüfatında praktiki məşğələlərə cəlb ediləcək, beynəlxalq təcrübəyə əsaslanan qabaqcıl yanaşmaların təsərrüfat şəraitində tətbiqi ilə tanış olacaqlar.