Nazirlik: Dabaq xəstəliyinin qida məhsulları vasitəsilə insanlara keçməsi ehtimalı sıfıra yaxındır
- 21 oktyabr, 2025
- 14:08

Azərbaycanda bəzi ərazilərdə yayılmış dabaq xəstəliyinin insanlara keçməsi ehtimalı sıfıra yaxındır.
Bunu "Report"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Bayandur Rzayev bildirib.
Onun sözlərinə görə, dabaq virus mənşəli yüksək kontagioz iti gedişli infeksion xəstəlik olub xüsusən də cütdırnaqlı heyvanlarda bədən temperaturunun yüksəlməsi, ağız boşluğu selikli qişasının, yelin və ətrafların aftalı zədələnmələri ilə səciyyələnir: "Dabaq virusunun 7 tipi və 60-dan artıq alt tipi var. Bu xəstəliyə yoluxmuş heyvanlar digər sağlam heyvanlardan təcrid edilməlidir. Orqanizmin rezistentliyi yüksək olan heyvanlarda xəstəlik özünü yüngül formada büruzə verir, orqanizmin rezistentliyi aşağı olan heyvanlarda isə xəstəlik bir qədər ağır formada biruzə verir. Bu zaman ağız boşluğu, dırnaq nahiyəsi və yelində aftalar əmələ gəlir.
Xəstəliyin spesifik müalicə vasitəsi olmadığı üçün heyvanlarda simtomatik müalicə vasitələrindən və vitamin-mineral komplekslərindən istifadə edilir. Dabaq xəstəliyinə yoluxmuş heyvanlarda zədələnmiş sahələr 7-8 gün sonra bərpa olunur və 2 həftə ərzində xəstə heyvanlar sağalır. Xəstəliyi keçirmiş heyvanlarda bir ilə qədər təbii immunitet yaranır. Xəstəliyi vezukulyar stamotitdən, ağızın selikli qişasının zədələnmələrindən və digər xəstəliklərdən təfriq etmək lazımdır".
B.Rzayev əlavə edib ki, 2023-cü ilə qədər ölkədə dabağın 3 tipinə qarşı profilaktik peyvəndləmələr aparılıb: "2023-cü ildən sonra isə peyvənd proqramına 4-cü tip əlavə olunub. Hazırda müvafiq araşdırmalar aparılır. Ehtiyac yarandığı təqdirdə 5-ci tip də əlavə edilə bilər. Heyvan xəstəliklərinə qarşı peyvəndləmə və dezinfeksiya işləri mütəmadi aparılır, bu işlər Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqəli şəkildə kommunikasiya edilir və müvafiq tədbirlər birlikdə həyata keçirilir".
Şöbə müdiri vurğulayıb ki, dabaq xəstəliyinin qida məhsulları vasitəsilə insanlara keçməsi ehtimalı demək olar ki, yoxdur: "Dabaq xəstəliyi insanlara yalnız heyvan mənşəli çiy qida məhsullarının istehlakı nəticəsində keçə bilər. Azərbaycanda ət və süd məhsullarının çiy çəkildə qəbulu ənənəsi demək olar ki yoxdur, bu səbəbdən bu xəstəliyin insanlara keçmə ehtimalı 0-a bərabərdir".