İsrail şirkəti azad edilmiş ərazilərdə fəaliyyətini genişləndirmək istəyir

ASK
  • 10 iyun, 2022
  • 11:35
İsrail şirkəti azad edilmiş ərazilərdə fəaliyyətini genişləndirmək istəyir

İsrailin irriqasiya sistemlərinin quraşdırılması, istehsalı üzrə fəaliyyət göstərən şirkəti “Netafirm” azad edilmiş ərazilərdə fəaliyyətini genişləndirmək istəyir.

Bunu “Report”a şirkətin regional meneceri İllia Krasnoşekov deyib.

Onun sözlərinə görə, Zəngilanda 40 hektar ərazidə meyvə bağları üçün irriqasiya sistemlərini quraşdırmışıq: “Biz Kənd Təsərrüfatı Nazirliyi ilə, həmçinin azad edilmiş ərazilərə investisiya edən kənd təsərrüfatı üzrə şirkətlərlə danışıqlar aparırıq. Qarabağda layihələrin icrası böyük maraq doğurur. Biz danışıqlar aparırıq ki, əlaqələrimiz daha da inkişaf etsin”.

Şirkət rəsmisi qeyd edib ki, Azərbaycanda 20 ildən çox müddətdir fəaliyyət göstəririk: “Bizim Azərbaycanda ofisimiz 2008-ci ildə açılıb və bu müddət ərzində müxtəlif sahələrdə çalışmışıq. Azərbaycanda işimizə bir neçə layihə ilə başladıq. Hazırda isə layihələrimizin sayı çoxdur. Bu isə böyük uğurdur. Azərbaycanla əməkdaşlığımız çərçivəsində 20-25 min hektar ərazidə meyvə bağları üçün irriqasiya sistemlərini qurmuşuq”.

İ. Krasnoşekov deyib ki, şirkətin bu illər ərzində həyata keçirdiyi layihələrin dəyəri təqribən 50 milyon ABŞ dolları dəyərində qiymətləndirilir.

O əlavə edib ki, şirkət 50 ildir dünya bazarında fəaliyyət göstərir: “100-dən çox ölkədə fəaliyyət göstəririk. Biz aqrar sahəyə innovativ həllər gətiririk, həmçinin irriqasiya sistemlərinə trendlər gətiririk. Bizim sloqanımız belədir ki, “Azla daha çox böyü”dür. Məqsədimiz dünyada suyun kor-təbii işlədilməsinin qarşısını almaqdır. Azərbaycana gələndə fermerlər qeyd edirdilər ki, su ehtiyatları kifayət qədərdir. Lakin indi fermerlər şikayətlənirlər ki, su ehtiyatları azalıb. Bu halda isə suvarmada innovativ texnologiyaları tətbiq etmək lazımdır. Bununla yanaşı, aqrar sahənin daim suya olan təlabatı artır. Bizim həqiqətən də hava şəraitinə təsir etmək üçün yaxşı suvarma həllərimiz var . Bizim texnikalarımızın quraşdırılması atmosferə emissiyaların azaldımasına səbəb olur. Biz həmçinin fermerlərə yeni texnolgiyalarımızın əhəmiyyətini izah edirik. Azərbaycanlı fermerlər bizim irriqasiya sistemlərimizi almaqda maraqlıdılar. Lakin bizim sistemlərimiz çox bahadır, bu isə onlar üçün əlçatan deyil”.

Xatırladaq ki, 1995-2021-ci illərdə İsrail Azərbaycanın qeyri-neft sektoruna 24 milyon ABŞ dolları investisiya qoyub. Bu ilin əvvəlinə Azərbaycanda 91 İsrail şirkəti qeydiyyatdan keçib. Həmin şirkətlər kənd təsərrüfatı, sənaye, tikinti və digər sahələrdə fəaliyyət göstərirlər.