Firdovsi Fikrətzadə: "Rusiyadan buğda idxalı Qazaxıstan və Ukraynadan çox ucuz başa gəlir"

ASK
  • 21 yanvar, 2022
  • 12:33
Firdovsi Fikrətzadə: Rusiyadan buğda idxalı Qazaxıstan və Ukraynadan çox ucuz başa gəlir

Azərbaycanın Qazaxıstan və Ukraynadan buğda idxal etməsi üçün imkanları mövcuddur, lakin logistikanın buğda tədarükü üçün Rusiyadan əlverişli olduğu üçün bu marşruta daha çox üstünlük verilir.

Bunu "Report"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.

“İdxalın 1 mənbədən asılı olması ilə bağlı narahatlıq başa düşülən və qəbul olunandır. Amma bunun obyektiv biznes səbəbləri daha ağırlıq kəsb edir. Çünki Rusiyadan buğdanın daşınması həddindən artıq ucuz başa gəlir. Dünyada ikinci bir ölkə yoxdur ki, biz buğdanı ucuz qiymətə birbaşa həmin ölkənin istehsalçısının sahəsindən qatara yükləyib burada dəyirmanın qapısı ağzında boşaldaq. Əslində biznes sektor bunu ona görə rasionallaşdırır", - deyə F.Fikrətzadə qeyd edib.

Onun sözlərinə görə, bu məhsul əvvəllər Azərbaycana Qazaxıstandan da idxal edilirdi: "Onların ixrac potensialı yüksək olmadığına görə, sahibkarlar ən əlverişli şərt kimi yolun bu olduğunu qəbul etdi. Ukraynadan gətirmək üçün isə həm nəqliyyatla, limana qədər daşımaq, həm gəmi ilə limandan limana daşımaq, həmçinin təzədən limandan dəmiryolu ilə daşıma kimi bir neçə mərhələli proses keçir. Ona görə də biznes sektoru obyektiv olaraq Rusiyadan idxalı daha səmərəli variant kimi seçir. Onu da qeyd edim ki, buğda idxalı bütövlükdə özəl sektor tərəfindən həyata keçirilir. Onlar isə ən rasional, biznes baxımından ən səmərəli olan yolu seçirlər.

Dünya bazarında buğdanın bahalaşması bütün ixracatçı ölkələrə təsir edib. Əgər siz açıq mənbələrdə olan qiymətlərə fikir versəniz görərsiniz ki, Rusiya, Qazaxıstan, Ukrayna və başqa ölkələrin qiymət artımı aşağı-yuxarı eyni səviyyədədir”.

Nazirlik rəsmisi əsas məhsullardan olan kartof idxalı və ixracı arasında yaranan 60 min tonluq mənfi saldonun müsbətə doğru dəyişəcəyini də açıqlayıb:

“Əvvəllər əgər 15-20 ton məhsuldarlıq əldə edilirdisə, artıq indi bəzi orta və iri sahibkarlar 50-60 ton səviyyəsində məhsuldarlıq praktikasına yiyələniblər. Bu praktika isə getdikcə yayılmağa, genişlənməyə başlayıb. Bu Azərbaycanın müqayisəli üstünlüyü yüksək olduğu bir məhsul olduğuna görə, fermerlər onun istehsalını hər il artırmaqda maraqlıdırlar. Sadəcə olaraq bizim xüsusilə mövsümdən sonrakı dövrdə saxlama infrastrukturu ilə bağlı yeni anbarların qurulması prosesi davam edir. Dövlətin birbaşa dəstəyi, verdiyi güzəştli kreditlərlə 400 min tonluq soyuducu anbarlar formalaşıb. Bizim qiymətləndirmələrə görə hardasa kartof və soğan üzrə də ehtiyatların yaradılması üçün bundan sonra da 200 min ton həcmində soyuducu anbarın formalaşmasına ehtiyac var. Bu proses də paralel getdikcə qarşıdakı 4-5 ildə yəni ortamüddətli dövrdə öz istəyimizə nail ola biləcəyik.

Həmçinin azad edilmiş ərazilər də bizə baş soğanın və tərəvəz istehsalının artırılmasına kömək edəcək. Orada yaradılacaq taxılçılıq və yem bazası hesabına bizim yeni hqyvan sürülərimiz, intensiv fermalarımız qurulacaq. Hesablamalara görə bundan sonra bizim ət və südlə təmiantımız 98-99 %-ə çatacaq”.

F.Fikrətzadə bu proseslərdən sonra ətin qiymətinin necə dəyişəcəyi ilə bağlı məsələlərə də aydınlıq gətirib:

“Dünyada fermaların iki cür modeli var. Birinci model ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya, Braziliya, Argentina kimi ölkələrdə örüş sahələrinə istinad edilməklə yaradılan fermalardır. İkincisi isə intensiv heyvandarlıq modelinə əsaslanan fermer təsərrüfatlarıdır. İndi dünyada daha çox bu ikinci model həyata keçirilir. Yəni intensiv fermalar qurulur, taxıl və soya əsaslı qüvvəli yemlərə əsaslanmaqla yüksək əsaslı məhsuldarlıq əldə etmək modeli üstünlük təşkil edir. Azərbaycanda da bundan sonra heyvandarlığın inkişafı intensiv ferma modelinin hesabına gedəcək. Bu intensiv ferma modeli bir tərəfdən müasir ferma modelinin qurulmasıdır. Digər tərəfdən dövlətin süni mayalanma proqramı kiçik və orta təsərrüfatlarda da cins məhsulların artmasına yönəlir. Yəni bu tip təsərrüfatlarda da daha məhsuldar cinsləri saxlamaqla məhsuldarlıq artırılacaq”.

Qeyd edək ki, bir neçə gün bundan öncə Milli Məclisdə keçirilən müzakirələrdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Azərbaycanın yalnız Rusiyadan buğda idxal etməsini tənqid etmişdi.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə Azərbaycanda 1,885 milyon ton buğda istehsal olunub, bu da əvvəlki illə müqayisədə 0,9 % çoxdur.

Ötən ilin ilk 10 ayı ərzində Azərbaycan xaricdən 246,25 milyon ABŞ dolları dəyərində 890 min 233,2 ton buğda tədarük edib. Əvvəlki ilin analoji dövrü ilə müqayidə idxal dəyər ifadəsində 1,15 % artıb, kəmiyyət olaraq – 22,02 % azalıb.

Rusiyadan 240,66 milyon ABŞ dolları dəyərində 868 min 971,75 ton, Qazaxıstandan 5,41 milyon ABŞ dolları dəyərində 20 min 980 ton buğda alınıb.

2020-ci ilin yanvar-oktyabr aylarının göstəriciləri ilə müqayisədə Rusiyadan tədarük dəyər ifadəsində 0,4 %, kəmiyyət olaraq – 23,36 % azalıb, Qazaxıstandan – müvafiq olaraq 3,2 dəfə və 2,8 dəfə artıb. Hesabat dövründə Azərbaycan buğdanı həm də Fransa, İtaliya və Türkiyədən alıb. Bir il 8 aylıq fasilədən sonra Qazaxıstandan bərk buğda tədarükü bərpa edilib.

44 filmi