Ərzaqlıq buğda istehsalının stimullaşdırılması müzakirə olunub

ASK
  • 26 iyul, 2022
  • 07:27
Ərzaqlıq buğda istehsalının stimullaşdırılması müzakirə olunub

İqtisadiyyat Nazirliyinə məxsus "Bakı Biznes Mərkəzi" MMC-də ölkə prezidentinin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 19 iyul 2022-ci il tarixli fərmanının icrası ilə əlaqədar görüş keçirilib.

"Report" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, görüşdə nazir İnam Kərimov, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Nazirlər Kabinetinin Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov, Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri Səbuhi Sadıqov, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Zaur Mikayılov, taxıl istehsalçıları və fermerlər iştirak ediblər.

Görüşdə bildirilib ki, bundan sonra fermerlər Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verdikləri ərzaqlıq buğdaya görə məhsul subsidiyası alacaq. Bununla yanaşı, ərzaqlıq buğdanın əkilməsi üçün müasir suvarma sistemləri tətbiqi təşviq ediləcək. Digər tərəfdən, ərzaqlıq buğda üçün minimum alış qiyməti müəyən olunacaq. Bununla da ərzaqlıq buğdanın istehsalı daha da stimullaşdırılacaq, ərzaq təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə veriləcək.

Görüşdə taxılçılıqda yeni innovativ texnologiyalar tətbiq edilməklə keyfiyyətli toxum istehsalı, sertifikatlı toxumlardan istifadənin genişlənməsi, taxıl sahələrində düzgün aqrotexniki qulluq, suvarma suyu ilə təminat, bitkilərin məhsuldarlığı və keyfiyyətinin yüksəldilməsi üçün müasir resursqoruyucu texnologiyaların, o cümlədən müasir suvarma sistemlərinin geniş tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb, fermerlərin dövlətin bu prosesə verdiyi dəstək mexanizmlərindən geniş yararlandığı qeyd olunub, taxılçılığın inkişafı ilə bağlı səsləndirilən təkliflər qeydiyyata alınıb.