"Ərzaq təminatı xəritəsi" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib
- 10 iyul, 2026
- 17:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Nazirlər Kabineti "Ərzaq təminatı xəritəsi" informasiya sistemi haqqında Əsasnamə"ni təsdiq edib.
"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, İqtisadiyyat Nazirliyi informasiya sisteminin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməlidir.
Bundan başqa, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" ölkə Prezidentinin 12 sentyabr 2018-ci il tarixli fərmanının tələblərindən irəli gələn tədbirləri həyata keçirməlidir.
Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Statistika Komitəsi, Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Ehtiyatları Agentliyi isə Əsasnamədə nəzərdə tutulmuş məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə "Ərzaq təminatı xəritəsi" informasiya sisteminə ötürülməsini təmin etmək məqsədilə altı ay müddətində zəruri tədbirlər görməlidir.