Elxan Mikayılov: "Fermerlərin maliyyə dayanıqlığı və savadlılığı kifayət qədər deyil"
- 09 oktyabr, 2026
- 11:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda fermerlərin maliyyə dayanıqlığı, maliyyə intizamı və savadlılığı kifayət qədər deyil.
"Report" xəbər verir ki, bunu "AmCham Azərbaycan"ın Qida və Kənd Təsərrüfatı İşçi Qrupunun sədri Elxan Mikayılov Bakıda keçirilən III Beynlxalq Aqro Biznes Forumunda bildirib.
Onun sözlərinə görə, bəzən bu, asimmetriyanın dərinləşməsinə xidmət edir: "Banklar müəyyən alətlər təklif etsələr də, fermerlərin maliyyə bilikləri və intizamı bəzən bu imkanlardan yararlanmağa imkan vermir. Vacib məsələlərdən biri də girov təminatı məsələsidir. Bunu qeyd etməmək mümkün deyil. Kənd təsərrüfatı sahəsində girov təminatı digər sektorlarla eyni şərtlər daxilində tələb olunur. Yəni kəndli hansısa bir məhsul əkinini həyata keçirmək istəyirsə, ondan daşınmaz əmlak girovu tələb olunur. Burada qeyd edilib ki, artıq yeni alətlər formalaşdırılır. Bu, çox sevindiricidir. İllərdir beynəlxalq maliyyə institutları və təşkilatlar bu alətlərin ölkəmizdə formalaşmasını təklif edirlər. Artıq bunun zamanı yetişib".
O, həmin alətlərdən bir neçəsini xüsusilə vurğulayaraq bildirib ki, məhsul şəhadətnaməsinin, yəni məhsulun özünün müxtəlif mərhələlərdə girov kimi qəbul edilməsi çox önəmlidir: "Beynəlxalq maliyyə dilində buna "ambar şəhadətnaməsi" (warehouse receipt) və ya gələcək məhsul üçün "crop receipt" aləti deyilir. Fermerlərin əldə etdikləri və yaxud əldə edəcəkləri məhsulların girov təminatı kimi qəbul edilməsi vacibdir və bu aləti praktiki tətbiq edərək kifayət qədər uğur qazanan ölkələr var. Biz bəzən bu fikirləri səsləndirəndə skeptik yanaşanlar çox olur, ancaq bunu etmək mümkündür".
E. Mikayılov qeyd edib ki, "AmCham Azerbaijan" maliyyə institutları və agrar sektorun iştirakçıları ilə birlikdə belə pilot alətlər formalaşdıracaq: "AmCham"a üzv olan bankların, maliyyə institutlarının və kənd təsərrüfatı təşkilatlarının birgə kollaborasiyası ilə bu pilot layihələr vasitəsilə tətbiqin mümkünlüyünü göstərmək istəyirik. Bu, agrar-emal sahəsində də çox vacib bir məsələdir".