Dünya Bankı: Kiçik fermerlər üçün iqlimə uyğun aqrar həllər tətbiq ediləcək

ASK
  • 08 sentyabr, 2026
  • 11:35
Dünya Bankı: Kiçik fermerlər üçün iqlimə uyğun aqrar həllər tətbiq ediləcək

Azərbaycanda kiçik fermerlər üçün iqlimə uyğun kənd təsərrüfatı həlləri tətbiq ediləcək.

"Report" xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştallmayster "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"nın (BCAW 2026)" ikinci günündə bildirib.

Onun sözlərinə görə, ən effektiv yanaşmalardan biri iqlimə uyğunlaşdırılmış kənd təsərrüfatına keçiddir: "Söhbət iqlimə dayanıqlılığın yaradılması, tullantıların azaldılması və məhsuldarlığın artırılması üçün iqlimə uyğun kənd təsərrüfatından istifadə etməkdən gedir. Əslində, iqlimə uyğun kənd təsərrüfatının tərifi də məhz budur.Nümunə olaraq quraqlığa davamlı və suya qənaət edən bitki növlərini, suya qənaət edən suvarma texnologiyalarını, qoruyucu kənd təsərrüfatını, daha yaxşı su idarəçiliyini, heyvandarlığın düzgün idarə olunmasını və digər həlləri göstərmək olar. Bu həllər yeni deyil, onlar artıq mövcuddur. Əsas məsələ nitqdən əmələ keçməkdir".

Azərbaycana yeni gəlməyimə baxmayaraq, vəziyyətə bələd olduqca anlayıram ki, bu həlləri kiçik fermer təsərrüfatlarına uğurla çatdıra bilsək, onların böyük təsiri olacaq. Çünki böyükmiqyaslı fermer təsərrüfatları bu həlləri qəbul etmək üçün artıq daha böyük resurslara və biliklərə malikdirlər. Deməli, dediyimiz kimi, nitqdən əmələ keçməliyik. Dünya Bankı adından Kənd Təsərrüfatı Nazirliyi ilə bu həllərin hər birinə əhəmiyyətli dərəcədə diqqət yetiriləcək yeni proqramla bağlı müzakirələr aparmaqdan çox məmnunuq", - deyə menecer əlavə edib.

Onun sözlərinə görə, proqram üç əsas komponenti əhatə edir: "Birincisi, su idarəçiliyi və suvarma ilə bağlıdır. Burada suvarma sistemlərinin modernləşdirilməsi və genişləndirilməsi nəzərdən keçiriləcək. Eyni zamanda, diqqət kiçik fermerlərin iştirakına və daha yaxşı su idarəçiliyinə yönəldiləcək. İkinci komponent kənd təsərrüfatı dəyər zəncirlərinin təkmilləşdirilməsi və inkişafı ilə bağlıdır. Bunun hər zaman bir neçə tərkib hissəsi olur. Ən vacib məsələlərdən biri fermerlərə yeni texnologiyaları anlamağa və tətbiq etməyə kömək edən effektiv məsləhət və məlumatlandırma xidmətlərinin inkişaf etdirilməsidir. Bu, həmçinin yerli, yəni icma səviyyəsində avadanlıqların və bu texnologiyaların bəzilərini tətbiq etmək üçün lazım olan vasitələrin əldə edilməsi üçün maliyyəyə çıxışın təmin olunmasını nəzərdə tutur. Və son olaraq, kənd təsərrüfatı iqtisadiyyatının kiçik fermerlər tərəfindən idarə olunduğunu nəzərə alaraq, fermerləri birləşdirən, kooperasiya yaradan və miqyas iqtisadiyyatından faydalanmaq üçün onların koordinasiyasına kömək edən həllərə baxmağa başlamalıyıq. Bu da öz növbəsində fermerlərə həmin texnologiyaları tətbiq etməyə kömək edəcək".

44 - Tezliklə