Deputat: "Aqrar sektorun dayanıqlı inkişafı üçün hüquqi baza təkmilləşdirilir"
- 08 sentyabr, 2026
- 10:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda aqrar sektorun dayanıqlı inkişafı üçün hüquqi baza təkmilləşdirilir.
"Report" xəbər verir ki, bunu deputat Tahir Rzayev "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"nın ikinci günündə bildirib.
Onun sözlərinə görə, dünyada baş verən iqlim dəyişiklikləri, su çatışmazlığı, torpaqların şorlaşması, müharibələr və münaqişələr zəminində münasibətlərin pozulması kənd təsərrüfatının inkişafına, bu sahə ilə məşğul olan insanlara müəyyən çətinliklər və maneələr yaradır: "Real vəziyyətə uyğun siyasət yalnız istehsalın artırılmasına deyil, onun dayanıqlığının və fermerlərin risklərdən müdafiəsinin təmin edilməsinə yönəldilməlidir. Bu tələb qanunvericiliyin də daim təkmilləşdirilməsini zəruri edir. Su və torpaq resurslarından səmərəli istifadə, müasir suvarma, rəqəmsal kənd təsərrüfatı, aqrar sığorta, innovasiyalar və fermerlərin maliyyəyə çıxışı üçün hüquqi bazanın formalaşdırılması və yenilənməsi günümüzün tələbidir, qaçılmazdır".
Deputat qeyd edib ki, iqlimədayanıqlı kənd təsərrüfatını yalnız fermer təkbaşına qura bilməz: "Dövlət, parlament və hökumətin yaratdığı əlverişli siyasət və hüquqi çərçivə şəraitində fermerlərlə yanaşı, kiçik və orta sahibkarlar, qadınlar və gənclər də bu prosesə cəlb olunmalıdır. Beynəlxalq və yerli təcrübə yaxşı mənimsənilməlidir. Odur ki, iqlimədayanıqlı kənd təsərrüfatı üçün fermerlərə əlverişli şərait yaradılmalıdır. Bu cür kənd təsərrüfatının mərkəzində fermer dayanır. Bizim vəzifəmiz onların mövcud mühitə uyğunlaşması üçün əlverişli şərait yaratmaq, qanunvericiliyi müasirləşdirmək, əlçatan maliyyə mexanizmləri, səmərəli su və torpaq idarəçiliyi, eləcə də sağlam tərəfdaşlıq mühiti yaratmaqdır".