DB Azərbaycanın aqroixracının şaxələndirilməsi yollarını açıqlayıb

ASK
  • 04 avqust, 2022
  • 15:26
DB Azərbaycanın aqroixracının şaxələndirilməsi yollarını açıqlayıb

Ukraynadakı müharibə və Rusiyaya qarşı beynəlxalq sanksiyalar səbəbindən region ölkələri, o cümlədən Azərbaycan digər bazarları əhatə etmək üçün idxal-ixrac ticarətini şaxələndirməlidir.

“Report” xəbər verir ki, bu barədə Dünya Bankı (DB) 2022-ci il üçün Azərbaycanın Sistematik Ölkə Diaqnostikası (SCD) hesabatında deyilir.

“Bu, kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin gücləndirilməsini tələb edəcək ki, bu da hökumətin ərzaq təhlükəsizliyinə uyğunluğun yaxşılaşdırılması və məhsuldarlığın artırılması üzrə davamlı səylərini daha da vacib edir. Ukraynadakı müharibədən əvvəl Rusiya ixracatçılara yaxşı gəlir gətirən asan əlçatan bazar idi. Nəqliyyat və logistika əlaqələri yaxşı qurulub. İxracatçıların Rusiyanın topdansatış bazarları ilə yaxşı əlaqələri var. Keyfiyyət və təhlükəsizlik tələbləri digər bazarlara nisbətən daha asan yerinə yetirilirdi, əksər Azərbaycan məhsulları bazarda böyük paya malik idi.

Avropa, Asiya, Mərkəzi Asiya və Yaxın Şərqdə ixrac bazarlarına çıxış isə əksinə, daha mürəkkəb daşıma və logistika, daha sərt keyfiyyət və təhlükəsizlik qaydalarına görə məhduddur. Bu alternativ bazarların çoxu ilə rəsmi ticarət müqavilələrinin olmaması güclü ticarət mövcudluğunun yaradılması imkanlarını məhdudlaşdırır. Azərbaycan hökuməti Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) vasitəsilə alternativ ixrac bazarları axtarır. O, ticarət missiyalarını dəstəkləməklə, beynəlxalq ticarət yarmarkalarında iştirak və “Made in Azerbaijan” brendini təbliğ etməklə müəyyən irəliləyiş qazanıb. Rusiya ilə ticarətə təsir edən məhdudiyyətlər fonunda bu cür təşəbbüslərin genişləndirilməsi hökumətin prioriteti olmalıdır”, - DB qeyd edir.

Bank analitikləri hesab edirlər ki, kənd təsərrüfatında daha çox kommersiyalaşmaya nail olmaq və davamlı şəkildə kənd təsərrüfatı sektorunda məhsuldarlığı, əlavə dəyəri artırmaq üçün aşağıdakı tədbirlər görülməlidir:

fermerlər, xüsusilə kiçik fermerlər, istehsalçılar arasında əlaqələri gücləndirmək və bununla istehsal-marketinq zəncirlərində bilik və texnologiyanın ötürülməsini dəstəkləmək, dövlət və özəl logistika potensialını təşviq etmək, torpaq resurslarından istifadəni daha da yaxşılaşdırmaq, suvarma infrastrukturuna və suya qənaət texnologiyalarına sərmayə qoymaq, kənd yollarına dövlət investisiyalarını artırmaq, özəl investisiyaların maliyyələşdirilməsini təşviq etmək, beynəlxalq qida təhlükəsizliyinə cavab vermək üçün potensialı artırmaq, ixrac bazarlarının şaxələndirilməsini təşviq etmək.

DB, həmçinin sudan, “yaşıl” gübrələrdən və “təmiz” enerjidən səmərəli istifadə edən ağıllı kənd təsərrüfatının inkişafını təklif edib.

Rusiya Azərbaycanın ən böyük ixrac bazarı olub və 2021-ci ildə ümumi meyvə-tərəvəz ixracının 86,5%-ni təşkil edib.

DB hesab edir ki, kənd təsərrüfatı ölkənin qeyri-neft iqtisadiyyatının əsas hissəsidir, mühüm inkişaf imkanlarına və gələcək artımın stimullaşdırılması və şaxələndirilməsi, iş yerlərinin yaradılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün böyük potensiala malikdir.