Balıqçılıq təsərrüfatları torpaqlarının təyinatının dəyişdirilməsi asanlaşdırıla bilərmi?

ASK
  • 31 oktyabr, 2022
  • 07:27
Balıqçılıq təsərrüfatları torpaqlarının təyinatının dəyişdirilməsi asanlaşdırıla bilərmi?

Azərbaycanda balıqçılıq təsərrüfatlarının yerləşdiyi torpaqların təyinatının dəyişdirilməsi asanlaşdırılmalıdır.

Bunu “Report”a “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Zaur Salmanlı deyib.

Onun sözlərinə görə, yeni təsdiq edilən “Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadəsi mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqların müəyyən edilməsi meyarları və Qaydası”na əsasən Azərbaycanda torpaqdan təyinatı üzrə istifadə edənlər onun hər hektarına görə 6 manat, istifadə etməyənlər isə 200 manat torpaq vergisi ödəyəcəklər.

"Azərbaycanda balıqçılıq təsərrüfatlarının demək olar ki, hamısı kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşir. Hesab edirəm ki, bu qaydada balıqçılıq təsərrüfatları üçün ayrı bir meyarlar olmalı idi”, - Z. Salmanlı hesab edir.

Assosiasiya sədri deyib ki, tədbiq ediləcək torpaq vergisini nəzərə alsaq 200 manat kiçik və orta sahibkara ciddi bir yükdür. Bu, balıqçılığın vəziyyətini daha da ağırlaşdırır: "Məsələ ilə bağlı "Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası" İctimai Birliyi hökumətə müraciət etmək niyyətindədir, çünki bu sahəyə heç bir subsidiya ayrılmır. Balıqçılığa hər hansı bir vergi güzəştləri də tətbiq edilmir".

Onun sözlərinə görə, Azərbaycanda ən çox balıq istehsalı sahəsi nohurçuluqdur: "Nohurçuluqda 90 % çəkikimilər yetişdirilir.

Son 3 il ərzində nohurçuluq özünün ən ağır dövrünü yaşayır, çünki Rusiyadan əsasən də Dağıstandan qanunsuz balıq ovlanmış çəkikimilər Dağıstanda saxta sənəd hazırlanaraq Azərbaycana gətirilir. Biz bu problemi Qida Təhlükəsizliyi Agentliyinə bildirmişik. Ucuz məhsulun kütləvi şəkildə idxalı nəticəsində son 3-4 il ərzində demək olar ki, nohur balıqçılığın sahəsi azalır. Ölkədə bir çox kiçik və orta nohurçuluq təsərrüfatları artıq bağlanıb, fəaliyyətlərini dayandırıb, yaxud da kiçik bir təsərrüfat sahələrində fəaliyyət göstərirlər".

Z. Salmanlı bildirib ki, nohurçuluqda kiçik təsərrüfatlar təqribən 20-25 hektar, orta sahibkar 100-150 hektar, böyük sahibkar isə 500-600 hektar nohur sahəsini istifadə edir.

Sahibkarlar bildirirlər ki, kənd təsərrüfat təyinatlı torpaqların təyinatını dəyişdirmək çox çətindir. Bəs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bu məsələyə mövqeyi nədir?

Əmlak Məsələləri Dövlət Xidməti "Report"un sorğusunun cavabında qeyd edilib ki, Torpaq Məcəlləsinin 12-ci maddəsinin 2-ci bəndinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir:

"Eyni zamanda, Nazirlər Kabinetinin 16 sentyabr 2022-ci il tarixli 357 nömrəli qərarı ilə “Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadəsi mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqların müəyyən edilməsi meyarları və Qaydası”nın 2.1.3.-cü bəndinə əsasən meşə zolaqlarının, bataqlıqların, sututarların (su fondu torpaqları istisna olmaqla) olması kənd təsərrüfatı təyinatı üzrə istifadə edilən torpaqların meyarı kimi müəyyənləşdirilib.

Torpaq qanunvericiliyinin tələbləri pozulmaqla süni balıq gölləri yaradılmış kənd təsərrüfatı təyinatlı torpaqlar su fondu torpaqları kateqoriyasına keçirildikdən sonra sənədləşdirilə bilər.

Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda Torpaq Məcəlləsində və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, Nazirlər Kabinetinin qərarı ilə yol verilir.

Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”na uyğun olaraq tələb olunan sənədlər və məlumatlar təqdim edilməklə dövlət mülkiyyətində olan torpaqlara münasibətdə aidiyyəti dövlət təşkilatları və ya müvafiq yerli icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə müvafiq bələdiyyələr və xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə torpaq mülkiyyətçiləri tərəfindən vəsatət qaldırıldığı və həmin Qaydaların 3.3-cü yarımbəndinə əsasən müvafiq tapşırıq daxil olduğu təqdirdə məsələyə Əmlak Məsələləri Dövlət Xidmətində baxılaraq Nazirlər Kabinetinin razılaşdırılmış sərəncam layihəsini və öz rəyini baxılmaq üçün Nazirlər Kabinetinə təqdim edir".

Dövlət Xidmətindən bildirilib ki, “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın təkmilləşdirilməsi məqsədilə Xidmət tərəfindən normativ hüquqi aktların layihələri hazırlanmış və hazırda aidiyyəti orqanlarla razılaşdırılma mərhələsindədir.