“Azərpambıq” ixrac gəlirlərini 3 dəfəyə yaxın artırıb
- 04 fevral, 2025
- 12:21
2024-cü ildə “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 56,1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında bildirilir.
Məlumata görə, bu, 2023-cü illə müqayisədə 33,9 milyon ABŞ dolları və yaxud 2,5 dəfə çoxdur.
Ötən il Azərbaycanın qeyri-neft-qaz ixracının dəyəri əvvəlki ilə nisbətən 0,3 % artaraq 3,4 milyard ABŞ dolları, o cümlədən yeyinti məhsulları ixracının dəyəri 11,3 % artaraq 1 milyard ABŞ dolları olub.
"Azərpambıq" 2018-ci ildə yaradılıb. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Cəmiyyətin tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar), 7 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy və Ucar), Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir. Şirvan Pambıq Emalı Zavodunda texniki çiyiddən yağ emal edən sex mövcuddur.