“Azərpambığ”ın ixrac gəlirləri 4 dəfədən çox azalıb

ASK
  • 28 aprel, 2023
  • 13:06
“Azərpambığ”ın ixrac gəlirləri 4 dəfədən çox azalıb

Bu ilin yanvar-mart aylarında “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 4,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayında bildirilir.

Bu, ötən ilin eyni rübü ilə müqayisədə 13,6 milyon ABŞ dolları və ya 4,2 dəfə azdır.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanın ümumi ixracı 7,7 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 912,2 milyon ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azərpambıq" 2018-ci ildə yaradılıb. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Cəmiyyətin tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar), 7 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy və Ucar), Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir. Şirvan Pambıq Emalı Zavodunda texniki çiyiddən yağ emal edən sex mövcuddur.