Azərbaycanın ərzaq təhlükəsizliyi: imkanlar və çağırışlar - ARAŞDIRMA
- 02 sentyabr, 2025
- 16:13

Azərbaycanın kənd təsərrüfatı sektoru ölkə iqtisadiyyatının və sosial həyatının aparıcı sahələrindən biridir. Bu sahənin davamlı inkişafı torpaq və iqlim amilləri ilə yanaşı, həm də istehsal prosesində istifadə olunan xammal və təchizat vasitələrindən birbaşa asılıdır. Gübrə, toxum, dərman preparatları, texniki avadanlıqlar və yanacaq kənd təsərrüfatı məhsullarının keyfiyyətinə və həcminə həlledici təsir göstərir. Məhz buna görə də əsas sual yaranır: Azərbaycanın kənd təsərrüfatı istehsalı bu resurslardan hansı dərəcədə asılıdır və bu asılılıq ərzaq təhlükəsizliyinə necə təsir edir?
"Report" mövzu ilə bağlı araşdırma aparıb.
Kənd təsərrüfatı eksperti Xaliq Məmmədov hesab edir ki, ərzaq təhlükəsizliyi bu gün dünyanın ən aktual qlobal çağırışlarından biridir: "Artan əhali sayı, iqlim dəyişikliyi, torpaq və su ehtiyatlarının məhdudluğu, eləcə də siyasi və iqtisadi böhranlar ərzaq təminatına ciddi təsir göstərir. Ərzaq təhlükəsizliyi yalnız insanların ac qalmaması deyil, həm də onların sağlam və balanslaşdırılmış qida ilə təmin olunması deməkdir. Beynəlxalq səhiyyə təşkilatlarının yanaşmasına görə, hər bir insan gündəlik enerji, zülal, vitamin və mineral tələbatına uyğun qida ilə təmin edilməlidir. Bu baxımdan ərzaq təhlükəsizliyi dörd əsas sütuna söykənir: mövcudluq (istehsal və təchizatın yetərli olması), çatımlılıq (insanların ərzağa iqtisadi və fiziki çıxış imkanları), istifadə (düzgün bölüşdürmə və sağlam istehlak), sabitlik (təminatın davamlılığı və kəskin dəyişikliklərdən qorunması)".
Ekspertin sözlərinə görə, ərzaq təhlükəsizliyi eyni zamanda milli təhlükəsizlik məsələsidir. Keyfiyyətli qidaya çıxış imkanlarının məhdudluğu sosial gərginlik, yoxsulluğun artması və hətta münaqişələrə səbəb ola bilər. Onun məlumatına görə, bu səbəbdən beynəlxalq təşkilatlar, dövlətlər və QHT-lər müxtəlif proqramlarla ərzaq təhlükəsizliyinin gücləndirilməsinə çalışırlar.

X. Məmmədov əlavə edib ki, torpaq kənd təsərrüfatında həm iqtisadi baza, həm də əsas istehsal vasitəsidir:
"Torpaq sadəcə sənaye üçün resurs deyil, insanların ərzaq təminatında strateji əhəmiyyət daşıyır. Münbit torpağın təbii yolla formalaşması min illər tələb etdiyi üçün onun səmərəli istifadəsi, eroziyadan qorunması və münbitliyinin artırılması Azərbaycanın aqrar siyasətində prioritet olmalıdır".
Ekspert Qarabağın işğaldan azad olunmasını bu baxımdan tarixi fürsət kimi qiymətləndirib: "Regionun münbit torpaqları, dağətəyi əraziləri və zəngin su ehtiyatları Azərbaycanın kənd təsərrüfatı potensialını əhəmiyyətli dərəcədə genişləndirir. Burada toxumçuluq təsərrüfatlarının, aqroparkların və müasir istixana komplekslərinin yaradılması idxaldan asılılığın azalmasına, eyni zamanda ixrac imkanlarının artmasına şərait yarada bilər".
Onun sözlərinə görə, kənd təsərrüfatında idxaldan asılılıq xüsusən toxum və xammal təminatında daha qabarıq hiss olunur:
"Dənli bitkilərin istehsalı üçün torpaq sahələri kifayət qədər geniş olsa da, toxum təminatında idxal üstünlük təşkil edir. Hazırda yüksək məhsuldarlığa malik elit sortların əksəriyyəti Avropa ölkələrindən gətirilir. Bu isə hər il on milyonlarla dollar vəsaitin xaricə yönəlməsi deməkdir. Halbuki həmin vəsait daxili istehsalın inkişafına sərf edilsə, iqtisadi fayda daha böyük olar. Son illərdə yerli toxumçuluğun gücləndirilməsi istiqamətində addımlar atılsa da, bazarın əsas hissəsi hələ də idxal hesabına təmin olunur. Bu hal xüsusilə istixanalarda, məsələn, pomidor istehsalında özünü göstərir. Azərbaycanda dənli bitkilərin, kartofun və tərəvəzlərin istehsalı üçün də toxum idxal olunur".
Ekspertin sözlərinə görə, Azərbaycan böyük həcmdə toxumu, əsasən Rusiya, Türkiyə və Avropa ölkələrindən tədarük edir. Yerli istehsal müəyyən qədər artsa da, xarici asılılıq davam edir.
Statistik məlumatlara görə, 2024-cü ildə Azərbaycanda hüquqi və fiziki şəxslər tərəfindən 11,7 min sentner kartofluq toxum istehsal edilib, 5 400 sentner isə idxal edilib. Dənli və dənli paxlalılar üzrə toxum istehsalı ötən il 879 min 723 sentner təşkil edib, 25 min 310 sentner kənardan alınıb. Ötən il 1 702 kq tərəvəz toxumu istehsal edilib, 10 kq kənardan alınıb.
Gübrə və pestisidlər üzrə xarici mənbələrdən tam asılılıq
X. Məmmədov vurğulayıb ki, Azərbaycanda yalnız karbamid istehsal olunur: "Digər bütün mineral gübrələr - azot, fosfor, kalium qarışıqları və kompleks gübrələr tamamilə idxaldan asılıdır. Onlar Rusiya, Türkiyə, Çin və Avropadan gətirilir. Bitki mühafizə vasitələri və pestisidlərin də böyük hissəsi xaricdən alınır".

"Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov da hesab edir ki, mineral gübrələrin müəyyən hissəsi Azərbaycanda istehsal olunsa da, əsas payı xaricdən - xüsusən Rusiya, Gürcüstan, Türkiyə, İran və bəzi Avropa ölkələrindən idxal edilir. Onun sözlərinə görə, orqanik gübrələr əsasən yerli təsərrüfatlarda peyin əsaslı maddələrdən hazırlanır. Pestisid və herbisidlərin böyük hissəsi də xaricdən gətirilir:
"Fermerlər qiymət və keyfiyyətə görə həm yerli, həm də xarici istehsallı gübrə və dərmanlardan fərqli şəkildə istifadə edirlər. İxrac olunan məhsulların sertifikat tələblərinə uyğunluğu isə xüsusi əhəmiyyət daşıyır və məhsulun keyfiyyət göstəricilərinə birbaşa təsir göstərir. Bu baxımdan, ixrac coğrafiyasının tələbləri əsas meyarlardan biridir".
Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda gübrə və azot birləşmələri istehsalı 652,4 min tona çataraq 2023-cü illə müqayisədə 43,8 % artıb. Bu ilin yanvar-iyun aylarında isə ölkədə 371 min ton gübrə və azot birləşmələri (+1,2 %) istehsal edilib.
Bu ilin yarımilində Azərbaycana 44 milyon 795 min ABŞ dolları dəyərində 94 359 ton mineral gübrələr idxal edilib, 92 milyon 395 min ABŞ dolları dəyərində 316 881 ton mineral gübrə ixrac edilib.
Heyvandarlıqda damazlıq və yem idxalı
X. Məmmədov damazlıq heyvandarlıqda da oxşar mənzərənin mövcud olduğunu bildirib:
"İri buynuzlu mal-qara - xüsusilə Holştayn və Simmental cinsləri Avropadan gətirilir. Süni mayalanma üsullarından istifadə edilsə də, damazlıq bazası zəifdir. Baytarlıq preparatları, dərmanlar və qüvvəli yemlərin böyük hissəsi də xaricdən alınır."
Onun sözlərinə görə, eyni zamanda, damcılı suvarma və digər müasir sistemlər əsasən Türkiyə və İsraildən idxal olunur, burada da keyfiyyət üstünlüyü xarici istehsalçılara məxsusdur.
F. Qaraşov qeyd edib ki, yığım prosesində istifadə olunan avadanlıqlar əsasən yerli istehsaldır və keyfiyyət baxımından qənaətbəxşdir: "Qablaşdırma materialları, məsələn, karton qutular və taxta yeşiklər, əsasən yerli istehsaldır və ixracatçılar onların həm yığım, həm də daşınma prosesində keyfiyyətini yüksək qiymətləndirirlər. Plastik tara və torbaların isə həm yerli, həm də idxal variantları mövcuddur və qiymətə, seçim imkanlarına görə istifadəyə uyğun sayılır".
X. Məmmədov yekunda qeyd edib ki, Azərbaycanın kənd təsərrüfatında böyük potensial var: "Əgər mövcud resurslardan elmi əsaslarla istifadə olunarsa, Azərbaycan regionda seçilən aqrar model yarada bilər".
Ümumilikdə, ekspertlərin vurğuladığı məqamlar göstərir ki, Azərbaycanın aqrar sektorunda böyük potensial mövcud olsa da, əsas çağırış idxaldan asılılığın azaldılması və daxili istehsal gücünün artırılmasıdır. Toxum, gübrə, pestisid, baytarlıq preparatları və damazlıq heyvandarlıq sahələrində xarici mənbələrə bağlılıq qısamüddətli perspektivdə təhlükəsizlik riskləri yaradır. Bununla belə, Qarabağın işğaldan azad olunması ilə ölkənin kənd təsərrüfatı xəritəsi köklü şəkildə dəyişib - münbit torpaqlar, zəngin su ehtiyatları və geniş əkin sahələri Azərbaycanın ərzaq təminatında yeni imkanlar açır.
Strateji baxımdan Azərbaycan yalnız daxili bazar üçün ərzaq təminatını gücləndirməklə kifayətlənməməli, eyni zamanda regional ərzaq mərkəzinə çevrilmə potensialını da dəyərləndirməlidir. Xəzər hövzəsi, Cənubi Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiya bazarları üçün keyfiyyətli aqrar məhsulların istehsalı və ixracı Azərbaycanın iqtisadi şaxələnməsinə mühüm töhfə verə bilər.
Yerli istehsalın gücləndirilməsi, elmi əsaslara söykənən aqrar idarəetmə, innovativ texnologiyaların tətbiqi, logistika və ixrac infrastrukturunun inkişafı Azərbaycanın aqrar sahədə regionun aparıcı oyunçularından birinə çevrilməsinə şərait yarada bilər.