Azərbaycanın Avropaya fındıq ixracı niyə kəskin azalıb?

ASK
  • 03 dekabr, 2021
  • 11:54
Azərbaycanın Avropaya fındıq ixracı niyə kəskin azalıb?
Pexels.com

Fındıqçılıq uzun illər Azərbaycanda fermerlərin, kəndlilərin əsas gəlir mənbəyi olub. Eyni zamanda, Azərbaycanın qeyri-neft məhsullarının ixracında bu sahə mühüm yer tutur. Bu il dünya bazarlarında fındıq məhsulu bol olub, Azərbaycan isə istehsal etdiyi məhsulun 95 %-ini ixrac edir, 5 %-i isə daxili bazarda istehlak edilir. Son 10 il ərzində dünya bazarlarında bu məhsulun istehsalı 4 %, qiymətləri isə 45 % artıb.

“Report” ölkədə fındıqçılıq sahəsində mövcud olan vəziyyətlə bağlı Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov ilə danışıb.

O bildirib ki, 2020-ci ildə ölkədə 45 min ton fındıq istehsal edilib: “Lakin bu il istehsal həcminin ötən illə müqayisədə 35-40 % çox olacağı gözlənilir, çünki məhsuldarlıq ötən ilə nisbətən çox olub”.

İ.Orucov daxili bazarda satış məsələsinə toxunub: “Daxili bazarda satış pandemiyadan əvvəlki illərlə müqayisədə kəskin azalıb. Belə ki, hazırda ölkəyə turistlər əvvəlki illərlə müqayisədə az gəlir, hotel və restoronların tam işləməməsi də satışlarımıza təsir göstərir”.

Assosiasiya sədri məhsulda qeydə alınan xəstəliklərlə bağlı məsələyə aydınlıq gətirirərək qeyd edib ki: “Fındıq məhsulunda unlu şeh xəstəliyi kəskin artıb, bu göbəlik xəstəliyidir. Rütübətli hava bu xəstəlik üçün əlverişli olduğuna görə daha böyük miqyasda mübarizə aparmaq lazımdır. Fermerlərlə maarifləndirmə işləri aparırıq, onlara bildiririk ki, bu xəstəlik yayılır və məhsuldarlığa təsir göstərir. Həmçinin, son zamanlar fındıqda aflatoksin təhlükəsi də artıb”.

Onun sözlərinə görə, hazırda Avropa İttifaqına Azərbaycandan və Türkiyədən ixrac edilən məhsullara ötən illə müqayisədə daha sərt yoxlamalar tətbiq edilir: “Çünki bu il xəstəliyin dinamikasında artım müşahidə edilir, bu səbəbdən Avropa ölkələrindən geri qayıdan məhsulumuz olub, ixracına icazə verilməyib”.

Dövlət Gömrük Komitəsinin məlumatına görə bu ilin 10 ayı ərzində Azərbaycandan 77 milyon ABŞ dolları dəyərində 13,4 min ton fındıq ləpəsi ixrac olunub. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 milyon ABŞ dolları (11,4 %) və ya 800 ton (5,6 %) azdır.

Assosiasiya sədri fındıq ixracında yaranan problemlərlə bağlı danışıb: “Bizim əsas ixrac bazarımız Avropa ölkələridır, bu il Aİ-də satışlarımız yüksək olmayıb. Bizim Avropada əsas rəqibimiz Türkiyədir. Çünki lirənin ABŞ dollarına qarşı kəskin ucuzlaşması Türkiyənin ixracatçılarına Avropaya daha çox və ucuz qiymətə məhsul çıxarmağa imkan verib. Bu da bizim Avropaya məhsul ixracımızın azalmağına gətirib çıxardı”.

O qeyd edib ki, Azərbaycan fındığının Avropaya qablaşdırılmış şəkildə ixracı rəqabətqabiliyyətli deyil, ona görə biz xam məhsul tədarük etməyə məcburuq: “Gürcüstan 2015-ci ildən "Assosiation Agreement" çərçivəsində Avropaya xam fındıq ixrac edir. Amma əfsuslar olsun ki, Azərbaycan xam məhsulu 3,2 % vergi tarifi ilə ixrac edir. Azərbaycanın fındıqçılıqda son məhsuluna isə 11,2 %-lik vergi tətbiq olunur. Ona görə də bizim son məhsulumuz rəqabətqabiliyyətli deyil, biz yalnız xam məhsul ixrac etməyə məcburuq”.

İ.Orucov əlavə edib ki, bu il dünya bazarlarında fındıqçılıqda bol məhsuldarlıq olub: “Digər quru meyvələrdə kəskin azalma olduğu üçün alıcılar fındığı yalnız lazım olan vaxtda alırlar. Alıcılar bazarda az miqdarda olan məhsulu isə anbarlamağa (stok) üstünlük verirlər. Bu il dünyada quraqlığa görə Kaliforniya badamının istehsalı azalmışdı, buna görə də sözügedən məhsulu anbarlamağa üstünlük verdilər. Fındığın qiymətinin artması gözlənilmədiyi üçün fındığı yalnız istehsal edən vaxtı sifariş verirlər".

O, Azərbaycan fındığının Rusiyaya ixracına münasibət bildirib: “Rusiya bazarında Şimali Qafqazdan fındıq ixracı kəskin artıb, bu da 2021-ci ildə qeydə alınan 13 min ton fındıq istehsalı ilə bağlıdır. Şimali Qafqazda istehsal olunan fındıq xüsusi güzəştlə Rusiyaya satıldığı üçün bizim məhsulun rəqabətqabiliyyətliliyinə təsir göstərir. Bununla yanaşı, Ermənistanla Rusiya arasında olan gömrük razılaşması var, gürcü ixracatçıları bu sazişdən yararlanaraq Rusiyaya fındığı Ermənistan üzərindən tədarük edirlər və daha ucuz qiymətə satışını təşkil edirlər”.

Assosiasiya sədri, yeni bazarlarda Azərbaycan məhsulunun diversifikasiyası ilə bağlı məsələdən danışarkən qeyd edib ki, dünyada fındığın 70 %-ini Almaniya, İtaliya emal edir: “Biz çalışmalıyıq ki, bu iki bazarlarda mövqelərimizi gücləndirək”.

Qeyd edək ki, hazırda Azərbaycanda mövcud fındıq bağları 79 min 500 hektarı ötüb.

Bəs bu sahədə dövlət hansı dəstəyi göstərib?

2019-2020-ci illərdə fındıqçılıq sahəsinin inkişafı üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitlərindən 368 min manat məbləğində güzəştli kredit ayrılıb. Fındıqçılıq sahəsi üçün alınmış texnikalar üzrə fermerlər 319,9 min manatlıq güzəşt, 206,1 min manat məbləğində isə kredit verilib.

Bununla yanaşı, 2019-2020-ci illərdə fındıqçılıq sahəsində fəaliyyət göstərən 32 366 fermerə 10 milyon 249 min 954 manat məbləğində subsidiya ayrılıb.

Xatırladaq ki, 2021-ci ilin 9 ayında xaricə 55,923 milyon ABŞ dolları dəyərində 9 min 367,04 ton qabığı təmizlənmiş meşə fındığı satılıb ki, bu da, 2020-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 17 %, kəmiyyət olaraq – 12,57 % azdır.

Fındıq ləpəsinin 31,728 milyon ABŞ dolları dəyərində 5 min 284,73 tonu Rusiyanın, 9,527 milyon ABŞ dolları dəyərində 1 min 382,02 tonu Almaniyanın, 8,339 milyon ABŞ dolları dəyərində 1 min 286,2 tonu İtaliyanın, 1,473 milyon ABŞ dolları dəyərində 657,05 tonu Qazaxıstanın, 1,123 milyon ABŞ dolları dəyərində 162 tonu Çexiyanın, 1,036 milyon ABŞ dolları dəyərində 160 tonu İsveçrənin, 660 min ABŞ dolları dəyərində 100 tonu Lüksemburqun, 630 min ABŞ dolları dəyərində 100 tonu Fransanın, 544 min ABŞ dolları dəyərində 86 tonu Polşanın, 246 min ABŞ dolları dəyərində 42 tonu Ukraynanın, 271 min ABŞ dolları dəyərində 40 tonu Litvanın, 257 min ABŞ dolları dəyərində 39 tonu Gürcüstanın, 61 min ABŞ dolları dəyərində 22 tonu Belarusun payına düşüb.

Rusiyaya tədarükün həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 6,89 %, İtaliyaya – 39,39 %, Çexiyaya – 80,24 %, Polşaya – 45,57 %, Ukraynaya – 65 %, Litvaya – 69,23 %, Belarusa – 85,33 % azalıb, Almaniyaya – 25,59 %, Qazaxıstana – 3,1 dəfə, İsveçrəyə - 25 %, Fransaya – 2,5 dəfə, Gürcüstana – 11,43 % artıb.