Azərbaycanda yaylaq ehtiyatlarının məhdudluğu bəzi fermerlər üçün problemlər yaradır
- 12 iyun, 2026
- 18:19
Yaylaq sahələrinin məhdudluğu səbəbindən bəzi fermerlər bu istiqamətdə çətinliklərlə üzləşirlər.
"Report"un Ağdaşa ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın müzakirəsinə həsr olunmuş regional müşavirədə fermerlərdən birinin yaylaq əraziləri ilə bağlı qaldırdığı problemə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, fermerlərə yaylaq sahələrinin ayrılması üçün xüsusi portal sistemi fəaliyyət göstərir:
"Fermerlər portala müraciət etdikdən sonra Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə qiymətləndirmə aparılır və onlara uyğun ərazilər təklif edilir. Təəssüf ki, bəzi hallarda fermerlər təklif olunan sahələri qəbul etməyərək başqa ərazilər istəyirlər. Bu isə prosesin uzanmasına səbəb olur. Digər tərəfdən, ölkədə yaylaq ehtiyatlarımız o qədər də kifayət qədər deyil və ona görə də bu istiqamətdə müəyyən bir problemlər yaşaya bilirik".