Azərbaycanda "Yaşıl yem" texnologiyasının tətbiqinə başlanılıb
- 22 aprel, 2022
- 07:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Ölkədə ilin bütün fəsillərində mal-qara üçün "yaşıl yem" kütləsinin metodikası tətbiq edilməyə başlanılıb.
“Report” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Eldar Həsənov deyib.
Onun sözlərinə görə, bu texnologiyanın tətbiqi ilə ölkədə ilin bütün fəsillərində mal-qaranı "yaşıl yem"lə təmin etmək mümkün olacaq: “Bu hidroponik üsulu ilə "yaşıl yem" kütləsinin hazırlanmasıdır. Hazırda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi rayonlarda fermerlərə təlimlər keçirlər. "Yaşıl yem" kütləsi üçün avadanlığın alınması üçün dövlət dəstəyi həyata keçiriləcək”.
E.Həsənov deyib ki, kənd təsərrüfatının heyvandarlıq sahəsi xüsusi sahədir, bu sahədə heyvandarlığın inkişafı üçün dörd seqmentdə qiymət təqdim edilməlidir: "Birinci yem təminatı, ikinci isə damazlıq işləri, üçüncü heyvan sağlamlığı, dördüncü isə heyvandarlıq sahəsinin elmi əsaslarla inkişaf etməsi dayanır. Bu gün fermer və sahibkar təsərrüfat yaradarkən heyvanın sayını artırmağı düşünür. Lakin yem bazası haqqında düşünmür, 1 baş heyvana 0,8 hektar torpaq sahəsi olmalıdır".
Şöbə müdiri hesab edir ki, bu torpaq sahəsində növbəli əkin aparmaqla yem istehsalı bazası yaradılmalıdır: "Çünki əsas komponentlərindən biri olan yem istehsalı təsərrüfatın maya dəyərinin 70 %-ini təşkil edir. Monitorinqlər zamanı müəyyən etmişik ki, Holistein və Friz cinsi, Simmental cinsi saxlayan təsərrüfatlarda eyni yem rasionu verilir. Lakin bu heyvanların bioloji xüsusiyyətlərinə baxsaq görərik ki, Holistein və Friz cinsli heyvanlar 9 min kiloqramdan 11 min kiloqrama qədər süd vermə qabiliyyətinə malikdir, Simmental cinsli heyvanlar isə 6 min kiloqramdan 9 min kiloqrama qədər süd vermək potensialına malikdir.
Eyni yem rasionu təqdim edildiyi halda hər iki cinslərdə məhsuldarlıq və genetik potensialı pozulur. Bu da gələcəkdə əldə edilən süd məhsuldarlığına birbaşa təsir edən amillərdən biridir. İkinci, seleksiya damazlıq işlərinin aparılması məsələsi çox önəmlidir. Bu gün demək olar ki, iri təsərrüfatların 95 %-ində seleksiya, damazlıq işləri aparılmır. Yeni alınmış balalardan seçmə yolu ilə növbəti mərhələdə sürünün cins tərkibinin yaxşılaşdırılması üçün 30 % seçmə aparılmalıdır. Bunlar həyata keçirilmir, bu da gələcəkdə heyvanların genetik potensialının düşməsinə səbəb olur”.