Azərbaycanda xüsusi təhlükəli zərərvericilərə qarşı görülən işlər açıqlanıb
- 19 oktyabr, 2026
- 16:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda xüsusi təhlükəli zərərvericilərə qarşı genişmiqyaslı mübarizə aparılır.
Bunu "Report"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin rəisi Ceyhun İbrahimov bildirib.
Onun sözlərinə görə, bu il ölkədə kənd təsərrüfatı bitkiləri üçün təhlükə yaradan xüsusi təhlükəli karantin zərərli orqanizmlər sırasına Amerika ağ kəpənəyi, sürü əmələ gətirən çəyirtkələr və qəhvəyi mərmər bağacığı daxildir: "Bu zərərvericilərin yayılma arealı müəyyən edilir, aşkarlanan ocaqlarda mübarizə tədbirləri həyata keçirilir, fermerlər maarifləndirilir".
C.İbrahimov qeyd edib ki, Amerika ağ kəpənəyi əsasən tut və meyvə ağaclarına, eləcə də bir sıra digər enliyarpaqlı bitkilərə zərər vurur: "Onun tırtılları yarpaqlarla qidalanaraq bitkilərin inkişafına mənfi təsir göstərir. Güclü sirayətlənmə zamanı ağacların yarpaqları kütləvi şəkildə zədələnə, nəticədə bitkilərin inkişafı və məhsuldarlığı zəifləyə bilər. Bu il Amerika ağ kəpənəyinin yayılma səviyyəsini müəyyən etmək məqsədilə 26 min hektardan çox ərazidə müşahidələr aparılıb. Müşahidələr zamanı 22 min hektardan çox sahədə sirayətlənmə aşkarlanıb və mübarizə tədbirləri həyata keçirilib. Proses Zaqatala, Balakən, Bərdə, Lənkəran, Qax, Şəki, Astara, Ağcabədi, Abşeron və Samux rayonlarını əhatə edib".
Bundan başqa, onun sözlərinə görə, sürü əmələ gətirən çəyirtkələr taxıl və yem bitkiləri, tərəvəzlər, otlaq sahələri və digər yaşıl bitki örtüyü üçün ciddi təhlükə yaradır: "Bu zərərvericilərin kütləvi çoxalması və miqrasiyası qısa müddətdə geniş ərazilərdə bitkilərin zədələnməsinə, bəzi hallarda isə məhsul itkisinə səbəb olur. Bu baxımdan çəyirtkələrin yayılma dinamikasının izlənilməsi, ocaqların vaxtında aşkarlanması və operativ müdaxilənin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Cari ildə bu istiqamətdə 90 min hektara yaxın ərazidə müşahidələr aparılıb, 30 min hektardan çox sahədə sirayətlənmə müəyyən edilib. Aşkarlanmış ocaqlarda ümumilikdə 21 min hektar ərazidə mübarizə tədbirləri həyata keçirilib. Tədbirlər əsasən Hacıqabul, Tovuz, Lerik, Salyan, Ağstafa, Qobustan, Abşeron və Qazax rayonlarında aparılıb".
Qəhvəyi mərmər bağacığına gəlincə isə C.İbrahimov deyib ki, bu zərərverici 300-dən çox bitki növü ilə qidalanaraq (fındıq, alma, armud, şaftalı, gilas və s.) kənd təsərrüfatınada məhsul itkisinə səbəb olur: "Qəhvəyi mərmər bağacığının yayılma arealının müəyyənləşdirilməsi və populyasiyasına nəzarət məqsədilə mütəmadi müşahidələr aparılır, feromon tələləri quraşdırılır və kompleks mübarizə tədbirləri həyata keçirilir. Cari ildə qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması məqsədilə 52 rayonda 21 mindən çox feromon tələsi quraşdırılıb, 60 min hektar ərazidə monitorinqlər aparılıb. Müşahidələr nəticəsində 21 min hektar sahədə zərərvericinin sirayətlənməsi aşkarlanıb və həmin ərazilərdə müvafiq mübarizə tədbirləri həyata keçirilib. Qəhvəyi mərmər bağacığının yayılması Zaqatala, Balakən, Qax, Şəki, Qusar, Xaçmaz və Qazax rayonlarında qeydə alınıb. Bu rayonlarda zərərvericinin qışlama yerlərində də monitorinq və mübarizə tədbirləri aparılıb. Mövsümi xüsusiyyətlər nəzərə alınmaqla zərərvericiyə qarşı mübarizə tədbirləri davam etdirilir".