Azərbaycanda toxumla bağlı rəqəmsal nəzarət və izləmə sistemlərinin tətbiqinə başlanılıb
- 22 oktyabr, 2025
- 13:56

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) toxumçuluq sahəsində beynəlxalq standartlara uyğun rəqəmsal nəzarət və izləmə sistemlərinin tətbiqinə başlayıb.
"Report" xəbər verir ki, bu barədə agentliyin sədr müavini Taleh Zeynalov "Dayanıqlı kənd təsərrüfatında toxumçuluğun rolu" konfransında bildirib.
T. Zeynalov qeyd edib ki, yeni yaradılan Aprobasiya tətbiqi və toxum sahələrinin rəqəmsal izlənməsi platforması sektorda şəffaflıq və etibarlığı daha da artıracaq: "Aprobasiya tətbiqi toxum istehsalını sahədən laborator analizlərə qədər tam elektron şəkildə idarə etməyə imkan verir. Fermer və alıcılar QR kod və mobil tətbiq vasitəsilə toxumun mənşəyi, sahə ölçmələrinin nəticələri və sertifikatlaşdırma məlumatlarını asanlıqla izləyə biləcəklər".
AXA-nın sədr müavini həmçinin qeyd edib ki, peyk təsvirləri və maşın öyrənmə metodikasına əsaslanan izləmə platforması isə əkin sahələrinin koordinatlarla təsdiqini və aqrotexniki tələblərə uyğunluğun avtomatik qiymətləndirilməsini təmin edəcək: "Bu yanaşma həm dövlət nəzarətini optimallaşdırır, həm də fermerlər üçün şəffaf və etibarlı monitorinq mühiti yaradır. Əlavə olaraq gələcəkdə fermerlərin əkin sahələri haqqında məlumatları mobil tətbiq vasitəsilə əldə edəcəklər".
Qeyd edək ki, bu təşəbbüslər ölkədə toxumçuluq sektorunda rəqəmsal innovasiyaların tətbiqi və beynəlxalq təcrübəyə inteqrasiyası istiqamətində mühüm addım kimi qiymətləndirilir.