Azərbaycanda temperatur anomaliyası 1,1 dərəcə Selsi təşkil edib
- 06 may, 2026
- 10:03
Son 25 ildə Azərbaycanda temperatur anomaliyası 1,1 dərəcə Selsi təşkil edib.
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda "Caspian Agro Week" çərçivəsində keçirilən V Aqrobiznesin İnkişafı Forumunda bildirib.
Onun sözlərinə görə, iqlim dəyişiklikləri ilə bağlı reallıqları dərk etmək lazımdır: "Nəticədə həm ekosistemlərin dayanıqlığına, həm də kənd təsərrüfatı fəaliyyətinə əlavə çətinliklər yaranır. İqlim dəyişiklikləri ölkəmiz üçün də aktualdır. Son 25 ildə Azərbaycanda temperatur anomaliyası 1,1 dərəcə Selsi təşkil edib. 2025-ci ildə orta temperatur 14,3 dərəcəyə çatıb. Bu isə əvvəlki dövrlərə müqayisədə 1,6 dərəcə yüksəkdir. Ən yüksək orta temperatur isə 2021-ci ildə 16,2 dərəcə təşkil edib. Söhbət orta illik dərəcədən gedir".
O əlavə edib ki, istilik dalğaları da tez-tez baş verir, daha uzun davam edir: "Son illərdə Bakıda 29, Gəncədə 16, Şəkidə 41, Lənkəranda isə 5 istilik dalğası qeydə alınıb. 2025-ci ildə ən uzun istilik dalğası Şəkidə 14 gün, Bakıda isə 7 gün davam edib. Sel hadisələrinin sayı da artıb. 2015-ci ildə 15, 2020-də artıq 36, 2025-də 33 sel hadisəsi baş verib. Bu rəqəmlər göstərir ki, biz artıq dəyişiklikləri müşahidə etmirik, biz bu dəyişiklikləri yaşayırıq. 2026-cı il ilk aylarda da bu tendensiyanı təsdiqləyir. Bəzi bölgələrdə yağıntının illik normasının yarısı cəmi bir neçə ayda qeydə alınıb. Aprel ayında isə bəzi rayonlarda yağıntı normadan 1,5-3,5 dəfə, Bakıda isə 5 dəfə çox olub. Əsas çağırış isə qeyri-müəyyənlikdir. Mövsümlərin xarakteri dəyişir, yağıntıların paylanması dəyişir, temperatur pikləri dəyişir. Bu isə planlaşdırmanı çətinləşdirir, investisiya risklərini artırır".