Azərbaycanda ötən il 128 min ton ərzaqlıq buğda istehsal edilib

ASK
  • 13 mart, 2026
  • 11:12
Azərbaycanda ötən il 128 min ton ərzaqlıq buğda istehsal edilib

Ötən il Azərbaycanda biçin aparılmış 22,2 min hektar ərazidə 127,9 min ton ərzaqlıq buğda məhsulu istehsal edilib.

"Report" bu barədə Nazirlər Kabinetinin 2025-ci ildəki fəaliyyəti haqqında icmal hesabata istinadən xəbər verir.

Məlumata görə, istehsal olunan məhsulun 124,2 min tonu tədarük məntəqələrinə təhvil verilib. Ümumilikdə 20 rayon üzrə təhvil verilən ərzaqlıq buğdaya görə 14 milyon 955,6 min manat məhsul subsidiyası ödənilib.

İl ərzində ərzaqlıq buğda istehsalı ilə məşğul olan sahibkarlıq subyektlərinin 6,76 min hektar ərazidə quraşdırdığı 133 dəst pivot suvarma sisteminin maliyyələşdirilməsi məqsədilə 14 müraciət üzrə 1 milyon 840 min manat güzəştli kredit və 10 milyon 989 min manat güzəştli vəsait ayrılıb.

"Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" ölkə Prezidentinin 19 iyul 2022-ci il tarixli fərmanına uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyi 2022-2025-ci illərda 29,17 min hektar pivotaltı sahə üçün ərzaqlıq buğda istehsalına dair təsərrüfatlarla müqavilələr bağlayıb.

Aqrar Subsidiya Şurasının əkin və məhsul subsidiyasının ödənilməsi ilə bağlı qərarına uyğun olaraq ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunaraq tədarük məntəqələrinə təhvil verilən ərzaqlıq buğdanın hər tonuna görə 2025-ci ildə 100 manat məbləğində məhsul subsidiyası müəyyən edilib.