Azərbaycanda meyvə bağlarının aqrar sığortası dövrü başlayır
- 24 oktyabr, 2025
- 15:48
Aqrar Sığorta Fondu 2025-2026-cı illər əkin mövsümü üzrə meyvə bağlarının sığortalanma dövrünün başlandığını elan edir.
"Report" Fonda istinadən xəbər verir ki, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq olunan sərfəli aqrar sığorta mexanizmi ümumilikdə 41 növ bitki və bitki məhsulunu əhatə edir.
Hazırda aqrar sığorta vasitəsilə isə 21 növ meyvə bağları sığortalanır. Buraya alma, armud, şaftalı (nektarin), ərik, gilas, albalı, nar, alça, çiyələk, fındıq, qoz, badam, gavalı, heyva, xurma, limon, naringi, portağal, ting, üzüm, zeytun bitkiləri aiddir.
Aqrar Sığorta Fondu meyvə bağlarını çoxsaylı risklərdən - dolu, qasırğa, fırtına, sel və subasma, leysan, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri, yanğın, dolu yağması nəticəsində keyfiyyət itkisi kimi risklərdən sığorta edir. Eləcə də aqrar sığorta meyvə bağlarını bitki xəstəlikləri, zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin yayılması, habelə zəlzələ, torpaq sürüşməsi, ildırım nəticəsində yarana bilən risklərdən qoruyur.
Meyvə bağında hər hansı hadisə baş verdikdə dəymiş zərər müstəqil aqrar sığorta ekspertləri tərəfindən müəyyən edilir və Aqrar Sığorta Fondu fermerə dəymiş zərəri qarşılayır. Zərərə görə aqrar sığorta ödənişi edilərkən azadolma məbləği də nəzərə alınır.
Meyvə bağlarını aqrar sığorta etmək olduqca sərfəlidir. Sığorta haqqı meyvənin növü, region və sığorta zərfindən asılı olaraq dəyişir. Bundan başqa, dövlətin 50 %-lik sığorta haqqı dəstəyi sayəsində fermer sığorta haqqının yalnız yarısını ödəyir, digər yarısını fermerlərə dəstək üçün dövlət özü ödəyir.
Ümumiləşdirdikdə 1 000 manatlıq meyvənin baza zərfi ilə sığortalanması üçün fermerdən tələb olunan məbləğ meyvədən və regiondan asılı olaraq 10-25 manat arasında dəyişir. Bu hesabla, məsələn, bağda 10 min manatlıq məhsul varsa, həmin bağın sığortası fermerə təqribən 100-250 manata başa gəlir.
Fermerlər meyvə bağlarını baza zərfindən başqa, əlavə ödənişlə digər risklərdən də sığorta edə bilərlər. Əlavə risklərə - şaxtavurma (donvurma), dolu yağması nəticəsində keyfiyyət itkisi, leysan yağması nəticəsində yaranan zərərlər, eləcə də bitki xəstəlikləri və zərərvericilərin zərərləri aiddir.
Meyvə bağı sahibləri bağdakı meyvələrdən əlavə, ayrıca olaraq ağacları və tingləri də sığorta edə bilərlər. Əgər yuxarıda sadalanan hadisə nəticəsində meyvə ağacı məhv olarsa, fermerə həmin ağacın 3 illik meyvəsinin dəyəri ödənilir – sığorta tarifi isə cəmi 0,83 % təşkil edir. Məsələn, ildə 50 manatlıq məhsul verən 1 ağacın sığortası fermerə cəmi 62 qəpiyə başa gəlir. Bu sığorta növü fermerləri uzunmüddətli zərərdən qorumaq üçün vacibdir.
Qeyd edək ki, Aqrar Sığorta Fondunun sığortaladığı bağlar və meyvə bağları üzrə sığorta ödənişləri sürətlə artmaqdadır. 2023-cü ildə meyvə bağları üzrə cəmi 39 min manat ödəniş edilmişdisə, 2024-cü ildə bu məbləğ 720 min manat, bu ilin ilk 9 ayında isə 159 min manat təşkil edib və hər gün artır.
İndiyədək olan hadisələr göstərir ki, meyvə bağların ən çox zərər vuran hadisələr fırtına, dolu, şaxtavurma və sel-subasmadır.