Azərbaycanda iri və xırdabuynuzlu heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənib
- 04 fevral, 2026
- 20:25
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi iri və xırdabuynuzlu heyvanlarda dabaq və qarayara xəstəliyinə qarşı profilaktiki peyvəndləmə tədbirləri həyata keçirir.
"Report"a Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, peyvənd vasitələri Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələbləri və "soyuq zəncir" prinsipinə əməl olunmaqla tətbiq edilir.
Məlumata əsasən, peyvəndləmə tədbirlərindən sonra ərazilər məcburi dezinfeksiya olunur.
Aqrar Xidmətlər Agentliyi dabaq və qarayara xəstəliklərinə qarşı aparılan profilaktiki tədbirlərin daha səmərəli və operativ həyata keçirilməsi üçün heyvan sahiblərini rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinə vaxtında müraciət etməsini tövsiyə edir. Agentlik xatırladır ki, heyvanların peyvənddən yayındırılması onların xüsusi təhlükəli xəstəliklərə yoluxmasına risklər yarada bilər.
Qeyd edək ki, xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı peyvəndləmə ödənişsiz həyata keçirilir. Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda ölkə ərazisində epizootik vəziyyət sabitdir.