Azərbaycanda göl və nohur balıqçılığı ilə məşğul olan subyektlərin sayı 43 % artıb

ASK
  • 10 iyul, 2026
  • 12:52
Azərbaycanda göl və nohur balıqçılığı ilə məşğul olan subyektlərin sayı 43 % artıb

Azərbaycanda son 15 ildə göl və nohur balıqçılığı ilə məşğul olan kənd təsərrüfatı subyektlərinin sayı 93-dən 133-ə qədər yüksəlib və bu 43 %-lik artım deməkdir.

"Report"un məlumatına görə, bunu deputat Sadiq Qurbanov Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün dünyada istehlak olunan balıq məhsullarının yarıdan çoxu artıq akvakultura hesabınadır: "Azərbaycanda isə 2024-cü ilin statistikasına görə, ümumi balıq istehsalı 67 min ton olsa belə, akvakulturada bunun payı cəmi 347 tondur, yəni 0,5 %-dir.

Digər statistikaya görə, ölkədə 100-ə yaxın orta və iri balıq yetişdirmə təsərrüfatları fəaliyyət göstərir ki, yəni bu yeni qanun bu sahənin genişlənməsinə, investisiyaların cəlb edilməsinə, istehsalın genişləndirilməsinə gətirib çıxaracaq".

O əlavə edib ki, "Balıqçılıq haqqında" qanunla iqtisadi maraqlarla ekoloji məsuliyyət arasında balans yaradılır: "Nərəcinsli balıqların və digər qiymətli növlərin mühafizəsi, kürütökmə sahələrinin qorunması, digər növlərin, belə deyək, qarşısının alınması, su hövzələrinin monitorinqi, meliorasiya ilə bağlı müasir hüquqi mexanizmlər də bu qanun layihəsi ilə müəyyən edilir. Qanunda dövlət siyasətinin əsas prinsipləri sırasında dayanıqlı istehsal, elmi əsaslarla kvotaların müəyyən edilməsi, rəqəmsal idarəetmə, biomüxtəlifliyin qorunması və akvakulturanın inkişafı xüsusi yer tutur. Bu sahənin inkişafı üçün təkcə təsərrüfatların sayının artırılması kifayət etmir. Müasir texnologiyalar və elmi idarəetmə, yeni istehsal modelləri də tətbiq olunmalıdır və gələcək mərhələdə akvakulturanın inkişafında əsas istiqamətlərdən biri Xəzər dənizinin Azərbaycan sektorunun imkanlarından daha səmərəli istifadə olunmasıdır.

Bu yanaşma kənd təsərrüfatı təyinatlı torpaq ehtiyatlarına əlavə yük yaratmaqdan və istehsalın genişləndirilməsinə, ona yaratmadan genişləndirilməsinə şərait yarada bilər".