Azərbaycanda bu il qanunsuz balıq ovuna qarşı görülən tədbirlər açıqlanıb
- 19 dekabr, 2025
- 11:15
Bu il yanvarın 1-dən mayın 23-nə qədər Ekologiya və Təbii Sərvətlər Naazirliyinin regional idarələrinin həyata keçirdiyi nəzarət tədbirləri zamanı ümumilikdə 69 akt tərtib edilib.
"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev Azərbaycanda balıqçılıq siyasəti, 2025-ci ildə balıqçılıq sahəsində görülən tədbirlər mövzusunda mətbuat konfrasında bildirib.
"Ölkə ərazisi üzrə qanunsuz balıq ovu edən şəxslər barəsində 29 protokol tərtib edilib, "İnzibati tənbehvermə haqqında Qərar" qəbul edilib, 1 fakt üzrə təbiətə vurulmuş ziyanın məbləği cinayət tərkibi yaratdığı üçün aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndərilib", - deyə o qeyd edib.
C.Əliyevin sözlərinə görə, bu il iyunun 1-dən dekabrın 16-na qədər isə Balıqçılıq və Akvakultura Mərkəzinin ekoloji cinayət törədənlərə qarşı həyata keçirilən nəzarət tədbirləri zamanı ümumilikdə ölkə ərazisi üzrə qanunsuz balıq ovu edən şəxslər barəsində 23 inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq inzibati məsuliyyətə cəlb edilib.
"Su Nəqliyyatından Polis İdarəsinin Mərkəzin əməkdaşlarının qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə keçirdiyi tədbirlər zamanı ümumilikdə 30 cinayət tərkibli hal yaranıb, 30 nəfər şəxs müvafiq məsuliyyətə cəlb olunub", - deyə o əlavə edib.