Azərbaycanda balıqçılıq sahəsindəki problemlər açıqlanıb
- 03 noyabr, 2021
- 11:51
Azərbaycanda balıqçılıq sahəsində daxili illik balıq istehsalı 50-100 min tona çatdırılsa idxaldan asılılıq götürülər.
Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrinin Bioloji Resurslarının Artırılması və Mühafizəsi Departamentinin direktoru Mehman Axundov deyib.
“2020-ci il üçün 605 balıqçılıqla məşğul olan təsərrüfat müəyyən etmişik. Ümumi ərazisi təxminən 4 min hektar olan bu təsərrüfatlardan hər hektara görə təxminən bir ton çəkikimi balıq yetişdirib götürmək mümkündür. Bu da 4 min ton edir. 10 milyonluq əhali üçün 4 min ton çox azdır. Biz beynəlxalq səviyyəyə çatmaq üçün ildə 200 min ton balıq yetişdirməliyik. Belə böyük göstəriciyə nail olmaq üçün yaxın zamanlarda intensiv akvakultura, sənaye tipli təsərrüfatların yaradılmasına keçməliyik”.
Azərbaycanda balıqçılıq sahəsində mövcud olan vəziyyət və problemlərlə bağlı “Report”a danışan “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin sədri Zaur Salmanlı bildirib ki, hazırda ölkədə balıqçılıq sənayesində vəziyyət qeyri-qənaətbəxşdir:
“Bu sahə inkişaf etmir. Bunun bir neçə səbəbləri var. Hazırda bir sıra problemlərimiz var. Balıqçılıq təsərrüfatlarının qeydiyyata alınması prosesi çox çətindir, torpaq təyinatı ilə bağlı problemlərimiz var. Balıqçılıq təsərrüfatlarını qeydiyyata alınması prosesi Ekologiya və Təbii Sərvətlər Nazirliyindədir. Sözügedən məsələ ilə bağlı Nazirliyə müraciət etmişik. Məqsədimiz balıqçılıq təsərrüfatların statistik məlumatların toplanması, uçota alınmasının sadələşdirilməsi ilə bağlıdır. Son hesabatlara görə, hazırda ölkədə mövcud olan balıqçılıq təsərrüfatlarının sayı təqribən 200-dən çoxdur”.
Z.Salmanlı əlavə edib ki, balıqçılıq sahəsi kənd təsərrüfatına aid edilmir: “Bu isə balıqçılıq təsərrüfatlarının subsidiyalardan kənarda qalmağına səbəb olur. Bu məsələ ilə bağlı həm Kənd Təsərrüfatı Nazirliyinə, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik”.
Assosiasiya rəhbəri hesab edir ki, bu gün mövcud qanunvericilik daxili istehsalı təşvqi etməkdənsə daha çox idxalı təşviq edir: “Yəni, soyudulmuş idxal olunan balığa sıfır gömrük rüsumu tətbiq edilir".
Onun sözlərinə görə, hal-hazırda daxili istehsal yerli bazarın 30 %-ini təşkil edir, qalan isə idxaldır: "İdxal edilmiş məhsullar isə yerli bazara böyük ziyan vurur. Bu il, həmçinin ötən il İrandan gətirilən ucuz forellər bizim daxili istehsala böyük zərbə vurub. Beləliklə daxili bazarda İrandan gətirilən ucuz və keyfiyyətsiz forellər yer almağa başladı. Sözügedən məsələ ilə bağlı artıq Nazirlər Kabinetinə müraciət etmişik”.
Qeyd edək ki, tarixən Azərbaycan akvakultura sahəsində regionda lider olub. 70-ci illərin sonu, 80-ci illərin əvvəllərində burada illik təqribən 40-60 min ton balıq yetişdirilirdi. Əsasən də çəki balıqları. Həmin vaxt adambaşına təxminən illik 8-10 kiloqram balıq düşürdü. İndi isə dünya üzrə adambaşına illik təqribən 20 kiloqram balıq düşür. Azərbaycanda isə bu göstərici 2,5 kiloqramdır.