Azərbaycanda aqrar texnikanın utilizasiyaya verilməsi qaydası dəyişib

ASK
  • 05 dekabr, 2023
  • 12:55
Azərbaycanda aqrar texnikanın utilizasiyaya verilməsi qaydası dəyişib

Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası “Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkil edilməsi, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”a və “Traktorlara, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçirilməsi, dövlət texniki baxışının nəticələrinin sənədləşdirilməsi və hesabatının aparılmasına dair Təlimat”a əlavələr edib.

“Report” xəbər verir ki, bununla bağlı nazir Məcnun Məmmədov yeni qərar imzalayıb.

Qərara əsasən, nəqliyyat vasitəsi utilizasiyaya verilməzdən əvvəl dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Bunun üçün nəqliyyat vasitəsinin sahibi və yaxud sərəncam vermək hüququ olan digər şəxs Dövlət Aqrar İnkişaf Mərkəzlərinə (DAİM) müraciət etməlidir. 3 gün ərzində DAİM nəqliyyat vasitəsinin daimi uçotdan çıxarılıb-çıxarılmaması ilə bağlı qərarı yazılı şəkildə müraciət edən şəxsə təqdim etməlidir.

DAİM aşağıdakı hallarda çıxarılmama ilə bağlı qərar verə bilərlər:

- Nəqliyyat vasitəsinin inzibati tənbeh etmə qismində müsadirə edilməsi və ya cinayət-hüquqi tədbir qismində xüsusi müsadirə edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;

- Nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) və ya məhkəmənin qanuni qüvvəyə minmiş və icra edilməmiş yekun qərarı olduqda;

- Nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər üzrə cəza və ya digər cinayət-hüquqi tədbirlər qismində cərimənin tətbiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş və icra edilməmiş yekun qərarı olduqda;

- Nəqliyyat vasitəsi üzərində həbs və yaxud yüklülük olduqda;

- Dövlət müəssisə, idarə və təşkilatlarına, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərə məxsus olan nəqliyyat vasitələrinin silinməsinə dair normativ hüquqi aktlarla müəyyən edilmiş hallarda və qaydada rəy verilmədikdə.

Yenilənmiş təlimatlar müvafiq olaraq 2024-cü il sentyabrın 1-dən və fevralın 1-dən qüvvəyə minəcək.

Nazirliyin Hüquq və icra intizamı şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.