Azərbaycanda aqrar sektor 1 % böyüyüb
- 13 aprel, 2026
- 13:55
Bu ilin I rübündə Azərbaycanda 1 milyard 717,6 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə 1,1 % çoxdur.
Son 1 ildə ölkədə istehsal olunmuş heyvandarlıq məhsullarının dəyəri 0,9 % artaraq 1 milyard 616,3 milyon manat, bitkiçilik məhsullarının dəyəri isə 5,5 % artaraq 101,3 milyon manat təşkil edib.
Hesabat dövründə Azərbaycanda diri çəkidə 144,1 min ton ət, 500,5 min ton süd, 567 milyon ədəd yumurta və 116,1 min ton tərəvəz istehsal olunub. Ötən ilin yanvar-mart ayları ilə müqayisədə tərəvəz istehsalı 5,5 %, ət istehsalı 1,8 % artıb, süd istehsalı 0,5 %, yumurta istehsalı 2,8 % azalıb.
Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycanda 29 milyard 703,2 milyon manatlıq ümumi daxil məhsul (ÜDM) istehsal olunub. Bu ötən ilin eyni dövrünə nisbətən 0,3 % azdır.
O cümlədən, son 1 ildə ölkənin neft-qaz ÜDM-nin dəyəri 1,2 % azalaraq 8 milyard 531,6 milyon manata düşüb, qeyri-neft-qaz ÜDM-nin dəyəri isə 0,2 % artaraq 21 milyard 171,6 milyon manata çatıb.