Azərbaycanda aqrar infrastuktur məlumatları vahid rəqəmsal sistemdə birləşdiriləcək

ASK
  • 11 iyun, 2026
  • 15:34
Azərbaycanda aqrar infrastuktur məlumatları vahid rəqəmsal sistemdə birləşdiriləcək

Azərbaycanda hazırda torpaqların, suvarma kanallarının, kollektor-drenaj şəbəkəsinin coğrafi məlumatlarının vahid rəqəmsal sistemdə birləşdirilməsi üzrə işlər aparılır.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda irəli gələn vəzifələr barədə Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən ictimai dinləmədə bildirib.

Onun sözlərinə görə, mühüm istiqamətlərdən biri su balansının dəqiq və sistemli uçotunun aparılmasıdır: "Bu məqsədlə rəqəmsal həllərin tətbiqi, ölçü cihazlarının quraşdırılması, elektron uçot sistemlərinin genişləndirilməsi, real vaxt rejimində monitorinq imkanının yaradılması xüsusi əhəmiyyət daşıyır. Hazırda su təminatı ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi ilə koordinasiyalı fəaliyyət həyata keçirilir. Bu qurumların informasiya sistemləri arasında da inteqrasiyalar aparılır və bu istiqamətdə işlərimizi davam etdirəcəyik".