Azərbaycan Türkiyəyə günəbaxan toxumu ixrac etməyə başlayıb

ASK
  • 21 avqust, 2023
  • 06:00
Azərbaycan Türkiyəyə günəbaxan toxumu ixrac etməyə başlayıb

Bu ilin I yarısında Azərbaycana xarici ölkələrdən 3,6 milyon ABŞ dolları dəyərində 2 min 302 ton günəbaxan toxumu gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 37 %, kəmiyyət olaraq – 50 % çoxdur.

Azərbaycan Çindən 1,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 16,3 % çoxdur) 857 ton (+5,7 %), Türkiyədən 1,3 milyon ABŞ dolları dəyərində (+29 %) 665,7 ton (+16 %), Rusiyadan 523 min ABŞ dolları dəyərində (+11 dəfə) 733 ton (+18 dəfə), Misirdən 55,2 min ABŞ dolları dəyərində 38,1 ton (ilk dəfə tədarük olub), Çilidən 29 min ABŞ dolları dəyərində 2,1 ton (11 il 2 aydan sonra tədarük bərpa edilib) məhsul alıb.

Hesabat dövründə Azərbaycandan xarici ölkələrə 439 min ABŞ dolları dəyərində (+2,7 dəfə) 274 ton (+91 %) günəbaxan toxumu göndərilib.

Azərbaycan Türkiyəyə 236 min ABŞ dolları dəyərində 106,3 ton, Gürcüstana 200,9 min ABŞ dolları dəyərində (+26 %) 167 ton (+17 %), Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 0,9 min ABŞ dolları dəyərində 0,2 ton və Qətərə 0,8 min ABŞ dolları dəyərində 0,1 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Türkiyəyə və BƏƏ-yə tədarük həyata keçirilib.